Su hövzələrində istifadə olunan sintetik balıq torları, xüsusilə itirildikdə və ya uzun müddət suda saxlanıldıqda, balıqlar və digər su canlıları üçün ciddi təhlükə yarada bilər. Bu torlar suda parçalanmadan uzun müddət qalaraq balıqları və xərçəngkimiləri tutmağa davam edir. Ekologiyada bu hal “xəyali ovçuluq” adlandırılır. Nəticədə su hövzələrinin ekosisteminə zərər dəyir, plastik tullantıların və mikroplastiklərin yayılması sürətlənir.
Bəs, sintetik balıq torlarının su hövzələrində uzun müddət qalması balıq ehtiyatlarına və digər canlılara hansı zərərləri vurur? Bu torlardan istifadəyə nəzarət necə gücləndirilməli, itirilmiş və istifadədən çıxarılmış torların toplanması və utilizasiyası üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, sintetik torların ətraf mühitə və dəniz ekosisteminə çox ciddi təsirləri var.
“Bu torlar plastik materiallardan, neylon və sintetik liflərdən, o cümlədən polipropilendən hazırlandığı üçün təbii şəraitdə asanlıqla parçalanmır. Onların kimyəvi tərkibi uzun illər sabit qalır. Külək və ya hər hansı qəza nəticəsində dənizdə bir yerə toplanan belə torlar uzun müddət su hövzələrində qalaraq balıqların və digər canlıların məhvinə səbəb ola bilər.
Bu torlardan uzun müddət istifadə edilməsi dəniz canlıları üçün ciddi təhlükə yaradır. Balıqlar torlara ilişərək hərəkət edə bilmir, sudan çıxa bilmədikləri üçün tələf olurlar. Bundan başqa, balıqlar həmin torlardan qopan kiçik sintetik lifləri udduqda da zərər görə bilərlər. Xüsusilə balıqların miqrasiya etdiyi və kütləvi hərəkət etdiyi dövrlərdə dar torlara ilişmələri onların kütləvi şəkildə tələf olması ilə nəticələnə bilər.
Düşünürəm ki, bu cür torların istifadəsi qadağan olunmalı, onların əvəzinə təbii materiallardan, məsələn, pambıq liflərindən hazırlanmış torlara üstünlük verilməlidir.
Bu istiqamətdə əsas tədbirlərdən biri inzibati cəzaların və cərimələrin tətbiq olunmasıdır. İnsanlar sintetik torların istifadəsinin ekosistemə, xüsusilə də dəniz canlılarına vurduğu zərəri nəzərə almalıdırlar. Bu torlar balıqların kürüvermə dövründə, miqrasiya zamanı və ya uzun müddət torlara ilişib qaldıqları hallarda daha ciddi fəsadlara səbəb ola bilər. Buna görə də onların istifadəsinə nəzarət gücləndirilməli və zərərli təsirlərin qarşısı alınmalıdır”.



