Rusiya ABŞ-də keçiriləcək G20 sammitində iştirakını təsdiqlədi

Rusiya dekabrın ortalarında ABŞ-də təşkil olunacaq “Böyük iyirmilik”(G20) sammitində iştirak edəcək. Amma Moskva hələlik nümayəndə heyətinin rəhbərini və tam tərkibini müəyyən etməyib.

Bu barədə “İzvestiya” nəşrinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin G20 və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) üzrə xüsusi tapşırıqlar səfiri Marat Berdıyev məlumat verib.

Səfir qeyd edib ki, heyət yüksəksəviyyəli rəsmilərdən ibarət olacaq: “Nümayəndə heyətinin rəhbəri və heyətin tərkibi üzərində işləyirik. Lakin sammitdə mütləq şəkildə iştirak edəcəyimiz dəqiqdir”.

Xəbərdə bildirilir ki, Rusiya lideri Vladimir Putinin sözügedən sammitə gedib-getməyəcəyi isə açıq qalır. Bu barədə qərarın ölkə başçısının Çinə APEC sammitinə səfərindən sonra qəbul ediləcəyi bildirilirdi. Məsələ hələ də gündəmdədir və hazırlıq işləri fəal şəkildə aparılır.