Ceyhun Bayramovla baş katib Şuşa Bəyannaməsini müzakirə etdilər

0
376

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bağdad Amreyev Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsini yüksək qiymətləndirib.

O, bu bəyannamənin bölgədə sülh, təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyindən əminliyini vurğulayıb.

Görüş zamanı Türk Şurasının qarşıdan gələn Zirvə görüşünün təfərrüatları, o cümlədən yüksək səviyyəli tədbir çərçivəsində hazırlanacaq sənədlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Türk Şurasının gündəmində olan digər məsələlər, habelə növbəti aylarda keçirilməsi nəzərdə tutulan görüşlər barədə müzakirələr aparılıb.

Nazir Ceyhun Bayramov Türk Şurasının Azərbaycan və Türkiyə liderləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Nazir bu sənədin imzalanmasının Azərbaycan və Türkiyə arasındakı sıx münasibətlərin nəticəsi olduğunu və əməkdaşlıq və müttəfiqlik nümunəsi olduğunu vurğulayıb.