“Sığmazam” qəzəlinin və eyniadlı musiqili klipin təqdimatı olub VİDEO

0
592

Noyabrın 18-də Bakı Kitab Mərkəzində “Nəsimi ili” çərçivəsində Azərbaycanın tanınmış muğam ifaçısı, Əməkdar artist Fərqanə Qasımovanın ifasında Nəsiminin “Sığmazam” qəzəlinin və eyniadlı musiqili klipin təqdimatı olub.
Tədbiri Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva açaraq təqdimatı keçirilən klipin hamı üçün maraqlı olacağını söyləyib. Bildirib ki, Fərqanə Qasımova çox gözəl ifaçıdır və buna görə də onun hər zaman təqdim etdiyi kompozisiyalar çox maraqlı olur.
Qeyd edib ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan olunması haqqında sərəncamlarına uyğun olaraq nəinki ölkəmizdə, həm də dünyanın bir çox yerində silsilə tədbirlər, təqdimatlar keçirilir, kitablar çap edilir və şairin yaradıcılığına yenidən nəzər salınır. Bu baxımdan da Fərqanə Qasımovanın ərsəyə gətirdiyi klipi “Nəsimi ili”nə yaxşı bir töhfə adlandırmaq olar.
Tədbirə Əməkdar artist Fərqanə Qasımova “Sığmazam” klipinin ərsəyə gəlməsinin səbəblərindən danışıb və bu işi özünə mənəvi borc olaraq reallaşdırdığını söyləyib. Deyib ki, bununla o da “Nəsimi ili”nə öz töhfəsini vermək istəyib. O, bu işdə ona dəstək verənlərə minnətdarlığını bildirib.
Sonra telejurnalist Lalə Əliyeva, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy Nəsimi poeziyasının bənzərsizliyindən söz açıblar. Bildiriblər ki, Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib. Vurğulanıb ki, dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi xalqımızın ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri olaraq, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaradıb. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətindən yoğurulan, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilən ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.
Daha sonra klip təqdim olunub.
Səhnəyə dəvət olunan klipin yaradıcı heyətini təbrik edən Xalq artistləri Alim Qasımov, Əbdül Mahmudov və başqaları görülən işi yüksək qiymətləndiriblər. Qeyd olunub ki, klipin ərsəyə gəlməsində iranlı sənətçilər də yaxından iştirak ediblər.
Sonda yenə söz musiqiyə verilib, gecədə Xalq artisti Alim Qasımov qızı Fərqanə Qasımova ilə birgə Nəsimi qəzəlləri üstündə muğam parçaları ifa edib.