Ağciyərləri necə təmizləmək və fəaliyyətini yaxşılaşdırmaq olar? – 4 üsul

Hindistanlı mütəxəssis və holistik sağlamlıq üzrə məşqçi Luk Kutinyonun sözlərinə görə, bəzi üsullar ağciyərlərin fəaliyyətini dəstəkləməyə və tənəffüs yollarında yığılan seliyin xaric olmasına kömək edə bilər.

Koronavirus və qrip kimi infeksiyalar tənəffüs sisteminə təsir göstərərək selik ifrazını artıra bilər. Selik normalda qoruyucu funksiyanı yerinə yetirir, zərərli mikroorqanizmlərin tutulmasına kömək edir. Lakin onun həddindən artıq yığılması, xüsusilə astma, bronxit və xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) olan insanlarda tənəffüsü çətinləşdirə bilər.

Ağciyərlərdə seliyin xaric olmasına kömək edən 4 üsul

1. Çəmənlik yoncası toxumlarının dəmləməsi

Mütəxəssis bəlğəmin xaric olmasına kömək etmək üçün çəmənlik yoncası (pajitnik) toxumlarından hazırlanan dəmləməni tövsiyə edir. Lakin bu vasitənin ağciyərləri təmizlədiyini təsdiqləyən kifayət qədər elmi sübut yoxdur.

2. Dərin nəfəs almaq və fiziki aktivlik

Nəfəs məşqləri və müntəzəm fiziki hərəkət tənəffüs əzələlərinin fəaliyyətini və ümumi fiziki dözümlülüyü yaxşılaşdıra bilər. Fiziki aktivlik ağciyərlərin normal fəaliyyətini dəstəkləsə də, onları zərərli maddələrdən birbaşa təmizləmir.

3. Duzlu su ilə qarqara

İlıq duzlu su ilə qarqara boğazdakı qıcıqlanmanı yüngülləşdirə bilər. Ancaq bu üsulun ağciyərlərdə yığılan seliyi azaltdığına və tənəffüs yollarındakı iltihabın qarşısını aldığına dair yetərli sübut yoxdur.

4. Buxarla nəfəs almaq

İlıq, nəmli hava bəzi insanlarda müvəqqəti rahatlıq yarada bilər. Bununla belə, qaynar su üzərində buxar inhalyasiyası yanıqlara səbəb ola bilər. Evkalipt və çobanyastığı kimi bitkilərin efir yağlarını da həkim məsləhəti olmadan inhalyasiya etmək tövsiyə edilmir.

Ağciyərləri xüsusi vasitələrlə mütəmadi olaraq “təmizləmək” zəruri deyil. Bu orqanlar özünütəmizləmə mexanizminə malikdir. Siqaretdən uzaq durmaq, havanın çirkli olduğu mühitlərdə qorunmaq və fiziki aktivliyi qorumaq ağciyər sağlamlığı üçün daha etibarlı yanaşmalardır.