Ölkəmizə əcnəbilər ən çox haradan gəlirlər? – Foto

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 831.8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə məlumat Dövlət Statistika Komitəsinin statistik göstəricilərində yer alıb.

Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 6 faiz azalıb.

“Azərbaycana gələnlərin ölkələr üzrə bölgüsündə Rusiya və Türkiyə ilk iki yerdə qərarlaşıb. Belə ki, gələnlərin 27.1 faizi Rusiya, 19.4 faizi Türkiyə, 7.7 faizi İran, 4.9 faizi Gürcüstan, 4.5 faizi Qazaxıstan, 3.7 faizi İsrail, 3.5 faizi Pakistan, 3.1 faizi Özbəkistan, 2.8 faizi Çin, 2.6 faizi Hindistan, 2.4 faizi Səudiyyə Ərəbistanı və 1.6 faizi Ukrayna vətəndaşları olub.

Ölkəmizə əcnəbilər ən çox haradan gəlirlər? - Foto

Gələnlərin 1.3 faizi Türkmənistanın, 1.1 faizi Almaniya və Böyük Britaniyanın (hər biri), 1 faizi Belarusun vətəndaşları olublar. Digər ölkələrin payı isə ümumi sayın 12.2 faizidir. Ölkəyə gələnlərin 66.8 faizini kişilər, 33.2 faizini qadınlar təşkil edib”, – deyə məlumatda vurğulanıb.

2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin eyni dövründə Avropa İttifaqına üzv ölkələrdən Azərbaycana gələnlərin sayı 6.1 faiz artaraq 94.2 min nəfərə çatıb.

Ölkəmizə əcnəbilər ən çox haradan gəlirlər? - Foto

Qeyd olunub ki, MDB ölkələrindən gələnlərin sayı 4.3 faiz artaraq 699 min nəfər olub. Körfəz ölkələrindən gələnlərin sayı isə 32 faiz azalaraq 218.3 min nəfərə düşüb. Digər ölkələrdən gələnlərin sayı da 5.5 faiz azalaraq 820.3 min nəfər təşkil edib.

Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 73.5 faizi hava nəqliyyatından, 25.2 faizi dəmir yolu və avtomobil nəqliyyatından, 1.3 faizi isə dəniz nəqliyyatından istifadə edib.