Qırğızıstanda Mayluu-Suu şəhəri yaxınlığındakı radioaktiv tullantı anbarı regionda yaşayan əhaliyə böyük təhlükədir

0
401

Dünyada radioaktiv tullantıların saxlandığı ən böyük anbarlardan biri Qırğızıstanın cənub-qərbində Mayluu-Suu şəhəri yaxınlığındadır və bu, regionu ekoloji fəlakətlə üz-üzə qoymaqla yanaşı, əhali üçün də böyük təhlükədir.
Bu  ərazidəki uran şaxtası heç kim tərəfindən qorunmur. Bu vəziyyət ekoloqları və tibb işçilərini çox narahat edir. Ekoloqlar bildiriblər ki, həmin şaxtada radiasiyanın səviyyəsi saatda 100 rentgenə çatır. Belə təhlükəli ərazidə son illər bir neçə yaşayış evi tikilib.
Qırğızıstan Hökuməti Mayluu-Suudakı bu anbarı respublikada ən təhlükəli ərazi hesab edir. Ekoloqlar isə deyirlər ki, tullantılar çaylara axsa, region böyük bir təhlükə qarşısında qalacaq.
Keçmiş SSRİ dövründə Mayluu-Suuda böyük miqdarda uran filizi çıxarılıb. Hazırda bu şəhər əlillərin sayına görə liderlər sırasındadır.
Mətbuat yazır ki, 2020-ci ildə Qırğızıstan Hökuməti Avropa Yenidənqurma və İnkişaf Bankının qrantı ilə bu anbarın rekultivasiyasına başlayacaq.
O da bildirilir ki, bank Mərkəzi Asiyadakı belə radioaktiv obyektlərin zərərsizləşdirilməsi üçün ümumilikdə 82 milyon avro vəsait ayırıb.