Ağaclar təkcə havanı təmizləmir: Alimlər beyinlə bağlı mühüm əlaqə tapdı

Evinizin yaxınlığında ağacların və yaşıllıq sahələrinin olması qocalıqda beyin sağlamlığının qorunmasına kömək edə bilər. Araşdırma göstərib ki, yaşıllıqların çox olduğu ərazilərdə yaşayan insanlarda demensiya riski daha aşağı ola bilər.

Bu nəticəyə Stokholm Universiteti və Karolinska İnstitutunun Yaşlanma Araşdırmaları Mərkəzinin alimləri gəliblər. Tədqiqatda Stokholmun Kungsholmen rayonunda yaşayan, yaşı 60-dan yuxarı olan 2993 nəfərin məlumatları araşdırılıb.

İştirakçılar 16 ilədək müşahidə olunub. Bu müddət ərzində 477 nəfərdə demensiya aşkarlanıb. Alimlər peyk görüntülərindən istifadə edərək insanların evlərindən 100, 250 və 500 metr məsafədə yerləşən yaşıllıq sahələrinin miqdarını qiymətləndiriblər.

Nəticələr göstərib ki, evin yaxınlığındakı yaşıllıqlar, xüsusilə təxminən 100 metr məsafədə yerləşən ağaclar və yaşıl sahələr demensiya riskinin aşağı olması ilə əlaqəlidir. Bəzi təhlillərdə bu əlaqə qadınlarda daha aydın müşahidə edilib.

Tədqiqatçılar hesab edirlər ki, ağaclar və yaşıllıq sahələri hava çirkliliyinin və istiliyin mənfi təsirlərini azaltmaqla beyin sağlamlığına dolayı yolla müsbət təsir göstərə bilər. Bundan başqa, belə ərazilər gəzintiyə çıxmağı, fiziki aktivliyi və açıq havada daha çox vaxt keçirməyi təşviq edir.

Yaşıllıqların stressi azaltması və daha rahat yaşayış mühiti yaratması da mümkün izahlardan biri kimi göstərilir.

Bununla belə, tədqiqat ağacların demensiyanın qarşısını birbaşa aldığını sübut etmir. Gəlir səviyyəsi, həyat tərzi, fiziki aktivlik və tibbi xidmətlərə çıxış kimi digər amillər də xəstəliyin inkişaf riskinə təsir göstərə bilər.