İsveçrə Alp dağlarında yerləşən mənzərəli Randa dağ kəndinin üzərindən 250 min ton ağırlığında nəhəng buz kütləsi yavaş-yavaş vadiyə doğru sürüşür.
Bu barədə “Bild” nəşri məlumat yayıb.
Bölgəyə yeni yağan qar vəziyyəti daha da gərginləşdirə bilər və ən pis ssenaridə qar uçqununa səbəb olma ehtimalı var.
Qeyd edək ki, hələ avqust ayında buzlaqdakı kütlələrin yerdəyişməsində ciddi sürətlənmə qeydə alınmışdı. Hazırda qüvvədə olan dörd dərəcəli xəbərdarlıq şkalası üzrə risk səviyyəsi üçüncü mərhələyə qaldırılıb. Vale kantonunun təbii fəlakətlər üzrə mütəxəssisi Norbert Karlenin bildirdiyinə görə, buz kütləsi vadi istiqamətində hər gün 20 santimetr sürətlə hərəkət edir və bu səbəbdən əhali üçün yaranan təhlükə durmadan böyüyür.



