Yaşlılıqda yaddaşı gücləndirən fəaliyyətlər açıqlandı – Kişilər və qadınlar fərqlənir

Şahmat və kart oyunları yaşlı insanların beynini qorumağa kömək edir. Dostlarla və qonşularla ünsiyyətin müsbət təsiri isə yalnız kişilərdə müşahidə olunub.

Çinin Tsinxua Universitetinin alimləri 2011-2020-ci illərdə yaşı 60-dan yuxarı olan 3293 nəfərin məlumatlarını araşdırıblar. Tədqiqatın nəticələri “Nature Aging” jurnalında dərc edilib.

Araşdırmaya görə, şahmat, kart oyunları və təhsil məşğələləri həm kişilərdə, həm də qadınlarda yaddaş və diqqətin qorunmasına kömək edir. Bu fəaliyyətlərə daha çox vaxt ayıranlarda müsbət təsir də artır.

Dostlarla görüşmək, qohumlara və qonşulara kömək etmək, könüllü fəaliyyətlərdə iştirak etmək isə kişilərdə beyin sağlamlığı ilə əlaqələndirilib. Alimlər bunu kişilərin təqaüdə çıxdıqdan sonra iş və ictimai həyatla bağlı sosial əlaqələrinin zəifləməsi ilə izah edirlər.

Tədqiqat müəllifləri yaşlı qadınlara da ailə çevrəsindən kənarda sosial fəaliyyətlərə qoşulmağı, şahmat və mütaliə qruplarında iştirak etməyi tövsiyə edirlər.