Yaxın iki-üç il ərzində insanlar menyu hazırlamaq, məhsulları müqayisə etmək və ailə cədvəlini təşkil etmək üçün süni intellektə daha çox müraciət edəcəklər. Süni intellekt köməkçiləri variantların axtarışından tutmuş görüşlərin təşkili və rezervasiyaların aparılmasına qədər bir-biri ilə əlaqəli bir sıra əməliyyatları öz üzərinə götürə biləcəklər.
Bu proqnozu “Qazeta.Ru”ya “Alfa-Kapital” İdarəetmə Şirkətinin mobil tətbiqində süni intellekt xidmətlərinin inkişafı istiqamətinin rəhbəri Yekaterina Lisovskaya deyib.
“Ən anlaşılan ssenarilərdən biri büdcəni, qida məhdudiyyətlərini və evdə artıq mövcud olan məhsulları nəzərə almaqla həftəlik menyunun hazırlanmasıdır. Süni intellekt bu menyu əsasında alış-veriş siyahısı da tərtib edə bilər.
Həftəlik menyunun və alış-veriş siyahısının hazırlanması adətən 30-40 dəqiqə çəkirsə, süni intellektin köməyi ilə ilkin variantın hazırlanmasına sərf olunan vaxtı 5-10 dəqiqəyə qədər azaltmaq mümkündür. Bu, bir ay ərzində təxminən bir saat yarımdan iki saata qədər vaxta qənaət etməyə imkan verə bilər. Lakin yekun nəticə ilkin məlumatların keyfiyyətindən və onların yoxlanılmasına sərf olunan vaxtdan asılıdır.
Digər bir ssenari məişət texnikasının seçimidir. Süni intellekt bir neçə modelin xüsusiyyətlərini toplaya və onları müəyyən edilmiş tələblərə uyğun müqayisə edə bilər. Bununla belə, qiymətlərin aktuallığını, komplektasiyanı və alış şərtlərini insan özü yoxlamalı olacaq”, – deyə Lisovskaya bildirib.
Onun sözlərinə görə, süni intellekt ümumi təqvimləri idarə edə, ödənişlər və sənədlərlə bağlı xatırlatmalar göndərə, həmçinin marşrutlar hazırlaya bilər.
Lisovskaya qeyd edib ki, süni intellektin insanın adından müstəqil şəkildə görüş təyin etmək və ya sifariş rəsmiləşdirmək imkanları müvafiq xidmətlərə çıxışın olub-olmamasından asılıdır. Ekspert ödənişlərin və rezervasiyaların təsdiqini isə istifadəçinin özündə saxlamağı tövsiyə edib.
O, süni intellektdən istifadəyə nəticəsini asanlıqla qiymətləndirmək mümkün olan tapşırıqlardan başlamağı məsləhət görüb. Səfər üçün əşyaların siyahısının hazırlanması, ev işlərinin planlaşdırılması və ya alış-veriş zamanı məhsulların müqayisəsi buna nümunədir. Lisovskayanın sözlərinə görə, büdcə və məhdudiyyətlər nə qədər dəqiq göstərilərsə, əldə olunan cavab da bir o qədər faydalı olar.
Ekspert xəbərdarlıq edib ki, şifrələri, təsdiq kodlarını və ödəniş kartlarının tam rekvizitlərini açıq süni intellekt xidmətlərinə ötürmək olmaz.



