Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər ucuzlaşa bilər

Azərbaycanda elektrik və hibrid avtomobillərə marağın artması fonunda benzin və dizellə işləyən avtomobillərin qiymətlərində gözlənilən ucuzlaşmanın bazara necə təsir edəcəyi müzakirə olunur. Belə bir dəyişiklik yalnız yeni avtomobillərin deyil, ikinci əl maşınların qiymətlərinə və alıcıların seçimlərinə də təsir göstərə bilər. Eyni zamanda, alternativ mühərrikli avtomobillərin yayılması ənənəvi yanacaqla işləyən nəqliyyat vasitələrinə tələbatın gələcək dinamikası ilə bağlı suallar yaradır.

Bəs, benzin və dizellə işləyən avtomobillərin qiymətlərində mümkün ucuzlaşma Azərbaycanda avtomobil bazarında hansı dəyişikliklərə səbəb ola bilər? Bu proses ikinci əl avtomobillərin qiymətlərinə necə təsir edəcək və elektriklə hibrid avtomobillərin payının artması gələcəkdə ənənəvi avtomobillərə tələbatı azalda bilərmi?
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər ucuzlaşa bilər

Mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Razil Nağıyev bildirib ki, benzin və dizellə işləyən yeni avtomobillərin qiymətinin ucuzlaşması ikinci əl avtomobil bazarına da təsir göstərə bilər.

“İlk növbədə, yeni avtomobillərlə rəqabət aparan, nisbətən az işlənmiş modellərin qiymətində azalma gözlənilir. Lakin bu ucuzlaşmanın bütün avtomobillərə eyni dərəcədə təsir etməsi ehtimalı azdır. Azərbaycanda avtomobil idxalı 2026-cı ilin ilk doqquz ayında ötən ilin eyni dövrü ilə müqayisədə 32,8 faiz azalıb. Təklifin azalması qiymətlərin kəskin enməsini ləngidə bilər. Eyni zamanda, elektrik və bəzi hibrid avtomobillər üçün ƏDV güzəştlərinin 2025-ci ilin sonunda başa çatması da onların idxalına təsir göstərib”.

Ekspert bildirib ki, növbəti 12-24 ay üçün proqnozuna görə, bazarda daha aşağı qiymətə təklif olunan yeni avtomobillərlə birbaşa rəqabət aparan ikinci əl modellər 5-10 faiz ucuzlaşa bilər:

“Bununla belə, bütün bazarda kəskin qiymət enişinin baş verəcəyini söyləmək üçün əsas yoxdur. Bəzi modellərin qiyməti sabit qala bilər. Elektrik və hibrid avtomobillərin bazardakı payının artmaqda davam edəcəyi gözlənilir. Qlobal miqyasda 2025-ci ildə yeni avtomobil satışlarının təxminən dörddə birini elektrik avtomobilləri təşkil edib. Azərbaycanda isə ilkin alış qiyməti, vergi güzəştləri və şarj infrastrukturunun vəziyyəti bu keçidin sürətinə təsir edəcək. Yaxın illərdə hibrid avtomobillər daha əlçatan keçid variantı, benzinlə işləyən avtomobillər isə geniş yayılmış seçim olaraq qalacaq. Dizel avtomobillərə tələbatın, xüsusilə şəhər minik avtomobilləri seqmentində, daha sürətlə azalması mümkündür. Ümumilikdə, ikinci əl avtomobillərin ucuzlaşması mümkündür, lakin bu prosesin əsasən müəyyən modelləri əhatə edəcəyi və mərhələli şəkildə baş verəcəyi gözlənilir. Elektrik və hibrid avtomobillərin yayılması benzin və dizellə işləyən avtomobillərə tələbatı azalda bilər. Bununla belə, Azərbaycanda bu dəyişikliklərin tədricən baş verəcəyi ehtimal olunur”.