ABŞ-də yeni ştat yaradıla bilər

ABŞ-nin İllinoys ştatında daha 11 dairə Çikaqonun yerləşdiyi Kuk dairəsindən ayrılmaq və Birləşmiş Ştatların 51-ci ştatını təsis etmək məsələsinin öyrənilməsinə səs verəcək.

Bu barədə “NBC Chicago” telekanalı “Illinois Separation” hərəkatının nümayəndələrinə istinadən xəbər verib.

Səsvermə məşvərət referendumu formasında keçiriləcək. Əgər 11 dairənin hər biri təşəbbüsü dəstəkləyərsə, onlar artıq bu cür tədbirləri dəstəkləmiş 33 dairəyə qoşulacaqlar.

Təşəbbüs bəyəniləcəyi təqdirdə, ştatın 102 dairəsindən 44-ü ayrılmaq istəyini ortaya qoymuş olacaq. Təşəbbüs tərəfdarları ABŞ Konstitusiyasının 4-cü maddəsinə istinad edirlər. Vətəndaş müharibəsi zamanı Qərbi Virciniya ştatı məhz bu maddəyə əsasən yaradılmışdı. Planın reallaşması üçün əvvəlcə İllinoys Baş Assambleyasının, daha sonra isə ABŞ Konqresinin razılığı tələb olunur.