Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi “Bir kəmər, bir yol” layihəsi çərçivəsində ölkənin əhəmiyyətinin artmasına səbəb oldu.
Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, “Bir kəmər, bir yol” layihəsinin mərkəzi dəhlizindən istifadə edilərək yüklərin Praqaya çatdırılması, enerji və zamana qənaət baxımından əlverişli hesab edilir.
A.Hüseynov əlavə edib ki, layihənin dəhlizi Mərkəzi Asiya – Cənubi Qafqaz regionundan keçdiyi üçün “Bir kəmər, bir yol” çərçivəsində Azərbaycanın önəmi diqqətdən yayına bilməz.
Deputat qeyd edib ki, “Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdəndir.
Onun fikrincə, Azərbaycanın həyata keçirdiyi Şərq-Qərb nəqliyyat dəhlizi və Trans-Xəzər nəqliyyat dəhlizi layihələrinin reallaşması Çin-Azərbaycan iqtisadi əlaqələrində yeni bir mərhələ açdı:
“Azərbaycan dünyanın ən böyük iqtisadiyyatı olan ölkəsi hesab edilən Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən dövlətlərdəndir. Çindən Avropaya göndərilən yüklərin daşınmasında Azərbaycanın təqdim etdiyi tranzit daşımalarla bağlı imkanlar çox səmərəlidir və perspektivlidir. “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir”.
A.Hüseynov əlavə edib ki, Azərbaycan rəhbərliyi ölkəmizin coğrafi mövqeyindən və nəqliyyat-tranzit infrastrukturundan səmərəli istifadə etməklə, regionda və dünyada yükdaşımalarda mövqeyinin daha da yüksəlməsinə nail olmaq üçün ciddi iş aparır:
“Təbii ki, bu istiqamətdə dünyanın ikinci iqtisadiyyatına malik olan Çin ilə əlaqələr xüsusi əhəmiyyətə malikdir. Ümumilikdə Çinlə Azərbaycan arasında qarşılıqlı münasibətlər ticari-iqtisadi, humanitar sahələrdə əməkdaşlığın geniş spektri, eləcə də irimiqyaslı beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılması sayəsində kifayət qədər perspektivlidir. Çinlə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq əlaqələri günü-gündən inkişaf edir”.
Qeyd edək ki, Çindən Avropaya Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə hərəkət edən “China Railway Express” yük qatarı artıq İstanbulu da keçərək Marmara tuneli vasitəsilə Avropada hərəkət etməkdədir.