AZAL biletlərin 30 %-ni bu üsulla satır

2025-ci ildə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) ümumi satışlarının təxminən 30 %-i birbaşa rəqəmsal kanallar vasitəsilə həyata keçirilib.

Bu barədə aviaşirkətin 2025-ci il üzrə Dayanıqlılıq Hesabatında bildirilir.

Hesabata əsasən, şirkət rəqəmsal xidmətlərin genişləndirilməsi çərçivəsində sərnişinlər üçün bir sıra yeni imkanlar yaradıb.

Belə ki, ötən il istifadəyə verilmiş “AZAL Upgrade” xidməti vasitəsilə sərnişinlər onlayn təklif sistemi əsasında ekonom sinifdən premium ekonom və ya biznes sinfinə keçid üçün müraciət edə bilirlər. Bu xidmət vasitəsilə 10 mindən çox uğurlu sinif yüksəldilməsi həyata keçirilib.

Bundan başqa, şirkətin internet resursları vasitəsilə “Booking.com” üzərindən yerləşmə xidmətlərinin sifarişi, elektron SIM (e-SIM) xidməti və digər rəqəmsal səyahət imkanları təqdim edilib.

AZAL, həmçinin “Viasat” şirkəti ilə strateji əməkdaşlıq çərçivəsində 20 təyyarədə yüksək sürətli internet və simsiz uçuşdaxili əyləncə sistemlərinin tətbiqini nəzərdə tutub.

Hesabatda qeyd olunub ki, rəqəmsal satışların genişləndirilməsi şirkətin əməliyyat xərclərinin optimallaşdırılması və müştəri xidmətlərinin təkmilləşdirilməsi baxımından prioritet istiqamətlərdəndir.