Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda 79,5 min yeni iş yeri açılıb. Bu iş yerlərinin 77,3%-i, yəni təxminən 61,5 mini paytaxt Bakının payına düşüb, regionlarda isə cəmi 18 minə yaxın yeni iş yeri yaradılıb. Bakıdan sonra ikinci sırada gələn Abşeron-Xızı iqtisadi rayonunun payı 6,6% təşkil edib və beləliklə, hər iki ərazi yeni iş yerlərinin ümumilikdə 83,9%-ni özündə cəmləyib. Digər bölgələrdə göstəricilər xeyli aşağı olub: Gəncə-Daşkəsən 2,4%, Şəki-Zaqatala 2,3%, Quba-Xaçmaz 2,2%, Qarabağ iqtisadi rayonu isə 1,9% paya sahibdir.
Yeni iş yerlərinin əsasən Bakı və Abşeronda cəmləşməsi ölkədə iqtisadi imkanların bölgələr üzrə qeyri-bərabər paylandığını göstərir. Bölgələrdə iş imkanlarının məhdudluğu əhalinin Bakıya axınını daha da sürətləndirə bilərmi? Gələcəkdə Bakı ilə regionlar arasında hansı sosial-iqtisadi fərqlər yarana bilər?
Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Razi Abasbəyli bildirdi ki, iş yerlərinin əsasən Bakı və Abşeronda yerləşməsi ölkədə getdikcə dərinləşən urbanizasiya probleminin yaratdığı iqtisadi mənzərədir:
“Dövlət Statistika Komitəsinin məlumatlarına diqqət yetirsək, yeni iş yerlərinin 92,9 faizi qeyri-dövlət sektorunda yaradılıb. Bu da göstərir ki, özəl biznesin əsas iqtisadi mərkəzi Bakı və Abşeron ərazisidir. Böyük şirkətlər baş ofislərini Bakıda yerləşdirir. Eyni zamanda, paytaxtda alıcılıq qabiliyyəti daha yüksək olan əhali təbəqəsi və geniş müştəri bazası mövcuddur.
2026-cı ilin əvvəlinə olan məlumata görə, Bakı əhalisinin sayı 2 milyon 360 min, ölkə əhalisinin ümumi sayı isə 10 milyon 260 min nəfər təşkil edib. Başqa sözlə, ölkə əhalisinin təxminən 23 faizi Bakıda yaşayır. Bununla belə, yeni yaradılmış iş yerlərinin 77,3 faizi paytaxtın payına düşür. Bu göstəricilər əmək bazarında ciddi regional qeyri-bərabərliyin olduğunu ortaya qoyur. Yəni əhalinin təxminən dörddə birinin yaşadığı paytaxt yeni iş yerlərinin böyük əksəriyyətini özündə cəmləşdirir.
Məntiqi yanaşsaq, iş yerlərinin bu cür qeyri-bərabər paylanması urbanizasiya probleminin əsas göstəricilərindən biridir. Əhalinin böyük hissəsi Bakıya axışdıqca paytaxtda alıcılıq qabiliyyəti və xidmət sektorunun müştəri bazası genişlənir. Nəticədə şirkətlər də fəaliyyətlərini məhz bu ərazidə cəmləşdirməyə üstünlük verirlər. Əhalinin çoxluğu iri şirkətlər üçün daha geniş istehlak bazası formalaşdırır ki, bu da onların investisiya və fəaliyyət planlarında əsas meyarlardan birinə çevrilir”.

Onun sözlərinə görə, bir sıra amillər regionlarda sahibkarlığın inkişafını və yeni iş yerlərinin yaradılmasını çətinləşdirir:
“Bu problem yeni deyil. Əslində, Birinci Qarabağ müharibəsindən sonra Bakıya əhali axını daha da sürətlənib. Məcburi köçkünlərin böyük bir hissəsi paytaxta gələrək burada məskunlaşıb. Bu proses Bakı əhalisinin sayının artmasına və demoqrafik yükün yüksəlməsinə təsir göstərib. Əhalinin sayının artması isə avtomatik olaraq bazarın və potensial müştəri kütləsinin genişlənməsinə səbəb olub. Bu da şirkətlərin paytaxta marağını daha da artırıb.
Digər tərəfdən, regionlarda investisiya çatışmazlığı, logistika çətinlikləri, bazarlara çıxış imkanlarının məhdudluğu və ən əsası, müştəri bazasının zəifliyi ciddi problemlər yaradır. Müştəri bazası kifayət qədər geniş olmadıqda yeni müəssisələrin yaradılması və iş yerlərinin açılması da çətinləşir”.
İqtisadçı qeyd etdi ki, regionlarda aşağı faizli və güzəştli kreditlərin tətbiqi sahibkarlığın inkişafına və yeni iş yerlərinin açılmasına təkan verə bilər:
“Problemin həlli üçün alternativ istiqamətlərdən biri aqrar sektorun inkişaf etdirilməsidir. Bununla yanaşı, bəzi ali təhsil müəssisələrinin və dövlət qurumlarının paytaxtdan regionlara köçürülməsi kimi iri layihələr də həyata keçirilməlidir. Eyni zamanda, regionlarda fəaliyyət göstərən sənaye müəssisələrinə xüsusi güzəştlərin tətbiqi vacibdir.
Hazırda Azərbaycanda regionlarda aqrar, sənaye və istehlak məqsədilə verilən kreditlərin faiz dərəcələri ilə paytaxtda təklif olunan kreditlər arasında ciddi fərq yoxdur. Bu isə regionlarda sahibkarlıq fəaliyyətinə marağın azalmasına səbəb olan amillərdən biridir. İlk növbədə, regionlar üçün daha aşağı faizli kredit mexanizmləri tətbiq edilməlidir. Xüsusilə aqrar və sənaye sektorları üzrə konkret təyinatlı, güzəştli kreditlərin verilməsi regionların iqtisadi inkişafına müsbət təsir göstərə və əhalinin paytaxtda cəmləşməsinin qarşısını müəyyən qədər ala bilər”.
Ekspert vurğuladı ki, regionlarda yeni iş imkanlarının yaradılması və sahibkarlara güzəştlərin verilməsi əhalinin paytaxtdan bölgələrə qayıdışını təşviq edə bilər:
“Digər mühüm məqam isə Bakıda yaşayan əhalinin müəyyən hissəsinin şəxsi daşınmaz əmlaka sahib olmaması və kirayə mənzillərdə məskunlaşmasıdır. Həmin vətəndaşların bir qisminin rayon və kəndlərdə yaşamaq üçün şəxsi mülkləri var. Lakin gündəlik dolanışıqlarını təmin etmək və iş tapmaq məqsədilə paytaxta üz tuturlar. Əgər regionlarda alternativ iş yerləri yaradılarsa, bu insanların bir çoxu daha əlverişli yaşayış şəraitinə malik olduqları doğma ərazilərinə qayıdaraq orada işləməyə üstünlük verə bilərlər.
Beləliklə, Bakıda getdikcə dərinləşən urbanizasiya probleminin həlli üçün ilk növbədə iqtisadi stimullardan və güzəşt mexanizmlərindən istifadə edilməlidir. Əhalinin regionlara qayıdışını təşviq etmək üçün sahibkarlara lisenziyaların verilməsində asanlaşdırılmış mexanizmlər tətbiq olunmalı, kiçik və orta sahibkarlıq subyektləri üçün vergi güzəştləri nəzərdə tutulmalıdır. Bu addımlar regionlarda yeni müəssisələrin və istehsal sahələrinin yaradılmasına şərait yarada bilər.
Qarşıya bu cür hədəflər qoyularsa, yaxın bir neçə il ərzində müsbət nəticələr əldə etmək mümkündür. Lakin konkret iqtisadi addımlar atılmadığı təqdirdə Bakı mövcud urbanizasiya problemləri ilə üzləşməkdə davam edəcək. Bu isə regionların iqtisadi baxımdan zəifləməsinə, iş imkanlarının məhdudlaşmasına və əhalinin sosial rifahının pisləşməsinə gətirib çıxara bilər”.



