Evdə pul saxlayanlara xəbərdarlıq – Hər il itirirsiniz

Bəzi insanlar pullarını banka qoyaraq faiz gəliri əldə etməyə üstünlük versə də, bir çoxları yığımlarını evdə, öz yanında saxlamağa üstünlük verir. Nənə-babalarımızdan miras qalan bu vərdiş bu gün də aktuallığını qoruyur. İnsanlar bəzən bank faizindən imtina edərək pullarını evdə, hətta yastıq altında saxlamağı daha etibarlı hesab edirlər.

Bəs bu seçim nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı Ruslan Atakişiyev bildirib ki, azərbaycanlılar evlərində 10 milyard dollardan çox nağd pul saxlayırlar:

“Mərkəzi Bankın məlumatlarına görə, əhalinin əlində, yəni evlərdə saxlanılan nağd vəsaitin həcmi 10 milyard dollardan çoxdur. Halbuki insanlar pullarını banklarda yerləşdirsələr, orta hesabla illik 8-12 faiz gəlir əldə edə bilərlər. Digər tərəfdən, ölkədə illik inflyasiya səviyyəsi rəsmi olaraq 6 faizə yaxındır. Bu isə o deməkdir ki, vəsaitini banka yerləşdirən şəxs inflyasiyanı nəzərə aldıqdan sonra təxminən 2-6 faiz real gəlir əldə edə bilər. Pulu evdə saxlamaq isə onun dəyərdən düşməsinə, alıcılıq qabiliyyətinin azalmasına səbəb olur”.

Onun sözlərinə görə, bəzi insanlar pullarını bankda saxlamaq əvəzinə mənzil alıb kirayə verməyə üstünlük verirlər, amma bunun da öz riskləri var:

“Bununla yanaşı, müəyyən qədər vəsaiti olan insanlar bank depozitlərindən daha çox mənzil almağa və həmin mənzilləri kirayəyə verməyə üstünlük verirlər. Lakin bu sahənin də öz riskləri var. Belə ki, kirayə mənzilin saxlanılması, təmiri və idarə olunması müəyyən xərclər tələb edir. Eyni zamanda, mənzilin uzun müddət kirayə verilməməsi və kirayəçilərlə bağlı problemlərin yaranması ehtimalı da mövcuddur”.

R.Atakişiyev eyni zamanda, vətəndaşları maliyyə sahəsində fəaliyyət göstərən dələduzlara qarşı ehtiyatlı olmağa çağırıb:

“Hesab edirəm ki, vəsaiti olan insanlar pullarını müxtəlif istiqamətlər üzrə bölüşdürməlidirlər. Qiymətli kağızlar bazarına investisiya qoymaq, səhmlər almaq, müxtəlif şirkətlərdə pay sahibi olmaq və ya mal alışında iştirak etmək mümkündür. Məsələn, bir şəxsin 10 milyard manat vəsaiti varsa, onun 2-3 milyard manatını nağd şəkildə saxlamaqla, qalan hissəsini müxtəlif investisiya alətlərində yerləşdirməsi daha məqsədəuyğun ola bilər.

Bu istiqamətdə bir çox imkanlar mövcuddur. Əsas məsələ vəsaitin düzgün idarə olunmasıdır. Bunun üçün maliyyə mütəxəssislərinə və peşəkar məsləhətçilərə müraciət etmək olar. Təəssüf ki, bazarda əlində müəyyən qədər nağd vəsait olan insanları hədəf alan dələduzlara da rast gəlinir. Onlar müxtəlif vədlər verərək insanların pullarını ələ keçirməyə çalışırlar. Buna görə də maliyyə xidmətlərindən istifadə edərkən xüsusilə diqqətli olmaq lazımdır. Yalnız müvafiq dövlət qurumlarının icazəsi olan, rəsmi fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq etmək daha təhlükəsizdir. Hətta Mərkəzi Bankın rəsmi internet səhifəsində müvafiq lisenziyaya malik qurumların siyahısı da yerləşdirilir. İnsanlar əməkdaşlıq edəcəkləri şirkətləri əvvəlcədən araşdırmalı, müqavilə bağlamalı və qarşı tərəfdən bütün öhdəliklərin yazılı şəkildə göstərilməsini tələb etməlidirlər. Beləliklə, gələcəkdə hər hansı problem yaranarsa, hüquqlarını müdafiə etmək və müvafiq qurumlara şikayət etmək imkanları olar”.