Alimlər ürəyi dayananları xilas etməyin YENİ YOLUNU TAPDILAR

Alimlər ürək tutması zamanı aortaya daxil edilən kiçik bir balon vasitəsilə qan axınını müvəqqəti olaraq ürəyə və beyinə yönləndirməyə imkan verən təcili yardım üsulunu sınaqdan keçiriblər.

Tədqiqatın ilkin nəticələri Çikaqoda keçirilən Amerika Ürək Assosiasiyasının Reanimasiya üzrə Elmi Simpoziumunda təqdim olunub.

Yeni metod reanimasiya zamanı arteriya təzyiqini əhəmiyyətli dərəcədə yüksəltmək qabiliyyəti nümayiş etdirib, lakin onun xəstələrin sağqalma göstəricisinə tam təsiri hələ araşdırılmalıdır.

Tədqiqatçılar standart reanimasiya tədbirlərinin nəticə vermədiyi və xəstəxanadan kənarda ürək tutması keçirən pasiyentlərdə aortanın endovaskulyar balon okklyuziyası (REBOA) metodunun tətbiqini öyrəniblər.

Bu azinvasiv prosedur zamanı qasıq arteriyasından daxil edilən kateterin ucundakı kiçik balon aortanın yuxarı hissəsində şişirdilir. Bədənin aşağı hissəsinə qan axınının müvəqqəti məhdudlaşdırılması ürək və beyin də daxil olmaqla həyati vacib orqanlara daha çox qanın yönəldilməsinə şərait yaradır.

Tədqiqat 2024-cü ilin iyunundan 2026-cı ilin iyununadək Britaniyanın “East Anglian Air Ambulance” təcili tibbi yardım xidməti tərəfindən həyata keçirilib.

Sınaqlara ürəyin dolayısı masajı, göstəriş olduqda defibrilyasiya və dərman vasitələrinin vurulması kimi standart genişləndirilmiş ürək-ağciyər reanimasiyası ilə ürək fəaliyyətini bərpa etmək mümkün olmayan yetkin pasiyentlər cəlb ediliblər.

Prosedurun tətbiq olunduğu 36 pasiyentdən 33-də aortanın yuxarı hissəsində qan axınını uğurla kəsmək mümkün olub. Prosedur orta hesabla təxminən yeddi dəqiqə çəkib, balon isə ürəktutmasından median göstərici ilə 51 dəqiqə sonra şişirdilib.

Müdaxilədən sonra reanimasiya zamanı ürək fəaliyyətinin bərpası üçün kritik sayılan diastolik arteriya təzyiqi (aşağı təzyiq) orta hesabla 26-dan 42 mm civə sütununa qədər, yəni 59% artıb. Sistolik təzyiq (yuxarı təzyiq) isə 20% yüksələrək 76-dan 91 mm civə sütununa çatıb. Bundan əlavə, reanimasiya zamanı qan dövranının effektivlik göstəricisi sayılan nəfəslə çıxarılan karbon qazının orta səviyyəsi 50% artıb. Tədqiqatçılar prosedura bağlı hər hansı ciddi ağırlaşma qeydə almayıblar.

Okklyuziyası uğurla icra edilən 33 pasiyentdən 8-də müstəqil qan dövranının dayanıqlı bərpasına nail olunub, 2 nəfər isə sağ qalaraq yaxşı nevroloji vəziyyətdə xəstəxanadan evə buraxılıb.

Xüsusilə ümidverici nəticələr mədəciklərin fibrilyasiyası səbəbindən ürəktutması şahidlərin gözü qarşısında baş verən və prosedurun daha tez tətbiq edildiyi kiçik xəstə qrupunda əldə olunub. Bu qrupdakı 5 pasiyentdən 4-də müstəqil qan dövranı bərpa edilib, 2 nəfər isə yaxşı nevroloji nəticə ilə sağ qalaraq evə yazılıb. /Musavat.com/