İCTİMAİ BƏYANAT VƏ RƏSMİ MƏLUMAT


İctimai Nəzarət Təşkilatından Rasim Məmmədov tərəfindən TƏCİLİ AÇIQLAMA:
Azərbaycan Respublikasında dövlətçilik ənənələrinə, milli-mənəvi dəyərlərə, elm və mədəniyyət xadimlərinə, həmçinin dövlətimizə vicdanla xidmət edən məmurlara hörmət və ehtiram hər bir ictimai təşkilatın və vətəndaşın ali borcudur. İctimai nəzarət mexanizmi şəxsi maraqlara, qərəzli kampaniyalara və ya kimlərinsə nüfuzuna xələl gətirməyə deyil, dövlət-xalq birliyinin möhkəmlənməsinə xidmət etməlidir.
Təəssüflə qeyd etməliyik ki, İctimai Nəzarət Təşkilatının üzvü və “Adim.az” saytının rəhbəri Kamil Abdullayev öz şəxsi sosial şəbəkə hesablarında və rəhbərlik etdiyi platformada təşkilatın məram və prinsiplərinə zidd hərəkətlərə yol vermişdir. O, Azərbaycanın nüfuzlu ictimai və dövlət xadimlərinə, elm və mədəniyyət xadimlərinə, eləcə də öz vəzifə borcunu ləyaqətlə yerinə yetirən vicdanlı məmurlara qarşı müntəzəm olaraq qərəzli, əsassız və etik çərçivələri aşan kampaniyalar apardığına görə ciddi xəbərdarlıqlara baxmayaraq bu fəaliyyətini davam etdirmişdir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki:

  1. Kamil Abdullayev təşkilatın nizamnamə tələblərini kobud şəkildə pozduğuna və ictimai nəzarət adına kölgə salan qərəzli mövqeyinə görə Azərbaycan Respublikası İctimai Nəzarət Təşkilatının sırasından YEKDİLLİKLƏ XARİC EDİLMİŞDİR.
  2. Kamil Abdullayevin bundan sonra səsləndirdiyi hər hansı bir fikir, yaydığı məlumat və ya atdığı addım İctimai Nəzarət Təşkilatını təmsil etmir və təşkilatla heç bir əlaqəsi yoxdur.
  3. Təşkilatımız dövlətimizin inkişafına, cəmiyyətimizin maariflənməsinə və vicdanlı ziyalılarımızın, dövlət xadimlərimizin nüfuzunun qorunmasına hər zaman olduğu kimi bundan sonra da sadiq qalacaqdır.
    Cəmiyyətimizi və media nümayəndələrini yalnız rəsmi və mötəbər mənbələrə istinad etməyə çağırırıq.
    Hörmətlə,
    Rasim Məmmədov
    Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Prezidenti,
    Sabitlik və İnkişaf Mərkəzinin sədri,
    İctimai Nəzarət Təşkilatının sədri