Azərbaycanda ümumi təhsil standartlarının ilin sonunadək hazırlanması nəzərdə tutulur. Yeni yanaşmada rəqəmsal vətəndaşlıq, fənlərarası bacarıqlar, bilik və dəyərlərin formalaşdırılması ön plana çəkilir.
Lakin yeni standartların hazırlanması hələ təhsilin keyfiyyətinin yüksələcəyi demək deyil. Əsas məsələ bu dəyişikliklərin məktəblərdə necə tətbiq olunacağı, şagirdlərin dərs yükünə, dərsliklərin məzmununa və biliklərinin qiymətləndirilməsinə necə təsir göstərəcəyidir. Əgər yeni tələblər mövcud problemlər nəzərə alınmadan tətbiq edilərsə, müəllimlər və şagirdlər üçün əlavə çətinliklər də yarana bilər. Digər tərəfdən, rəqəmsal bacarıqların və müasir biliklərin tədrisə daxil edilməsi müəllimlərin hazırlığı, məktəblərin texniki imkanları və dərsliklərin yenilənməsi ilə müşayiət olunmalıdır.
Bəs yeni standartlar təhsildə real keyfiyyət dəyişikliyi yaradacaq, yoxsa yeniliklər əsasən sənədlərdə əksini tapacaq?

Təhsil eksperti Məzahir Məmmədli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Dövr dəyişir, proseslər sürətlənir və süni intellekt artıq elmə, təhsilə və gündəlik həyatımıza sürətlə daxil olur. Bu dəyişikliklər fonunda təhsil sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılması zəruridir. Təhsil İnstitutunun ümumi təhsil məktəbləri ilə bağlı yeni yanaşmada rəqəmsal vətəndaşlığı, fənlərarası bacarıqları və digər bu kimi məsələləri önə çəkməsi düzgün addımdır. Amma bu təkliflər hələlik həm cəmiyyət, həm media, həm də təhsil ictimaiyyəti üçün yenidir. Ona görə də indidən bu dəyişiklikləri ətraflı şərh etmək müəyyən çətinlik yaradır. Bununla belə, görünən odur ki, təhsilin bugünkü tələblərə uyğunlaşdırılması istiqamətində müəyyən təkliflər və yanaşmalar müzakirəyə çıxarılıb.
Azərbaycanda da müəyyən beynəlxalq qiymətləndirmələr aparılıb, daxili resurslar və imkanlar araşdırılıb, təhlillər həyata keçirilib. Bütün bunlardan sonra Təhsil İnstitutu apardığı təhlil və araşdırmalar əsasında belə bir qənaətə gəlib. Bu dəyişikliyə, əlbəttə ki, müsbət irəliləyiş kimi baxmaq lazımdır. Düşünürəm ki, yeni yanaşmanın şagirdlərin dərs yükünə və dərslərin məzmununa da müəyyən faydası ola bilər. Təklif olunan yeni proqram və meyarlar göstərir ki, təhsil ümumilikdə dövrün tələblərinə uyğun qurulmalıdır”.
Ekspert qeyd edib ki, süni intellektin təsir dairəsi getdikcə genişlənir və şagirdlər arasında bu texnologiyadan istifadə kütləviləşir: “Bəzi hallarda şagirdlər müəyyən məsələlərə müəllimlərdən əvvəl süni intellekt vasitəsilə yanaşır, öz münasibətlərini formalaşdırırlar. Əlbəttə, bunu birmənalı şəkildə müsbət hal kimi qiymətləndirmək olmaz. Çünki bilirik ki, təhsildə inkişaf etmiş ölkələrin özləri də süni intellektin tədris prosesinə bu qədər sürətlə daxil olmasından narahatdırlar. UNESCO da bu məsələ ilə bağlı açıqlamalar verib. Bütün hallarda əsas məsələ süni intellektdən düzgün istifadəni təşviq etməkdir. Süni intellektdən düzgün istifadə edilməməsi şagirdlər arasında müəyyən mənada savadsızlığın və biliklərin səthiləşməsinin yayılmasına gətirib çıxara bilər. Digər tərəfdən, bu texnologiyadan həddindən artıq istifadə müəllimin tədris prosesindəki rolunu arxa plana keçirir. Bu isə şagird-müəllim münasibətlərinə və ümumilikdə məktəb mühitinə müsbət təsir göstərmir.
Ona görə də düşünürəm ki, təklif olunan yeni layihə, meyarlar və dəyərlər müəyyən mənada bu kimi problemlərin qarşısını almağa hesablanıb. Əgər yeni yanaşmanın tətbiqinə gecikmədən başlanılarsa, bu, təhsil prosesinə və mövcud problemlərin həllinə müsbət təsir göstərə bilər”.



