Almaniya ilə Avstriya sərhədində yerləşən Alp dağlarının bir hissəsində irimiqyaslı qaya uçqunu təhlükəsi yaranıb. Mütəxəssislər Hoçfoqel dağının yamacından 400 min kubmetrə qədər qaya kütləsinin qopa biləcəyini istisna etmirlər. Təhlükənin əsas səbəbi dağda uzun illərdir mövcud olan çatın genişlənməsi və qaya kütlələrinin hərəkətinin sürətlənməsidir.
Bu barədə “Euronews” məlumat yayıb.
Alimlərin xəbərdarlığı iyun ayında həmin dağda baş vermiş uçqundan sonra daha da ciddiləşib. Həmin vaxt yamacdan təxminən 2 min kubmetr qaya qopub. İndi isə mütəxəssislər dağ zirvəsinin özünün də dağılma təhlükəsi ilə üzləşə biləcəyini bildirirlər.
Hoçfoqeldəki çat hələ XIX əsrdə yaranıb. Ötən müddət ərzində onun ölçüləri əhəmiyyətli dərəcədə böyüyüb. Əvvəllər çatın eni təxminən insanın çiyinlərinin eni qədər olduğu halda, hazırda bir neçə metrə çatır.
Təhlükəli ərazidə tədqiqatlar artıq 12 ildir davam edir. Əvvəlcə alimlər dağa səfərlər zamanı ölçmələr aparırdılar. 2018-ci ildən etibarən isə ərazidə stasionar sensorlar və ölçmə avadanlıqları quraşdırılıb. Dağın səthini araşdırmaq üçün lazer skaneri ilə təchiz edilmiş pilotsuz uçuş aparatından da istifadə olunur.
Bu ilin yazında cihazlar qaya kütlələrinin həftədə 5 millimetrədək yerdəyişməsini qeydə alıb. Müqayisə üçün qeyd edək ki, Alp dağlarında orta hərəkət sürəti ildə təxminən 1,8 millimetr qiymətləndirilir. Göstəricilər arasındakı ciddi fərq alimlərin narahatlığını artırıb və erkən xəbərdarlıq sisteminin məlumatlarına xüsusi diqqət yetirilməsinə səbəb olub.
Hazırda dağda qaya kütlələrinin vəziyyətini izləyən 30-dan çox sensor quraşdırılıb. Bu cihazlar hətta millimetr səviyyəsindəki dəyişiklikləri qeydə alaraq çatın genişlənməsini və zirvənin vəziyyətini izləməyə imkan verir.
Hündürlüyü 2592 metr olan Hoçfoqel Almaniya ilə Avstriyanın Tirol bölgəsinin sərhədində yerləşir. Təhlükə səbəbindən dağın zirvəsinə Avstriya tərəfdən qalxmaq alpinistlər üçün artıq qadağan edilib. Almaniya tərəfdən keçən marşrut isə hələlik açıqdır.



