Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir, hər il 3 milyon insan alkoqoldan sui-istifadə nəticəsində həyatını itirir, hər 40 saniyədə isə bir nəfər intihar edir.
Ən geniş yayılmış psixi sağlamlıq problemlərindən biri depressiyadır. ÜST-nin məlumatına görə, hazırda depressiya il ərzində əmək qabiliyyətinin itirilməsinə səbəb olan xəstəliklər arasında ilk yerdədir. COVID-19 pandemiyası da milyardlarla insanın adi həyat tərzini pozaraq əhalinin psixi sağlamlığına mənfi təsir göstərən amillərdən birinə çevrilib.
Qərb ölkələrində hər yeddi nəfərdən birinin paranoid və ya şizofreniya əlamətlərindən əziyyət çəkdiyi, yaxud depressiya və alkoqol asılılığına meyilli olduğu bildirilir. Bu hallar bəzən cinayətlərin törədilməsi və ya intiharla nəticələnə bilir. Psixi pozuntulardan əziyyət çəkən insanların əksəriyyəti isə təəssüf ki, ehtiyac duyduqları müalicəyə çıxış imkanına malik deyil. Bundan başqa, psixi pozuntular HİV, ürək-damar xəstəlikləri, diabet və digər xəstəliklərin inkişafı, eləcə də bədbəxt hadisələr və qəsdən özünə xəsarət yetirmə riskinin artması ilə əlaqələndirilir.
Psixi pozuntuların artmasına informasiya yüklənməsi, dünyada baş verən siyasi və iqtisadi böhranlar da təsir göstərir. Stres isə bu problemlərin ilkin əlamətlərindən biri hesab olunur.
Müasir həyatın özü insanı stresslə üz-üzə qoyur. Siyasi və iqtisadi həyatda baş verən dəyişikliklər, iş yerindəki əlverişsiz şərait, o cümlədən damğalanma və ayrı-seçkilik, hətta ictimai nəqliyyatda səfər belə stresə səbəb ola bilər. Nəticədə insan gündəlik gərginliyə alışır və bu vəziyyət zamanla depressiyanın yaranması üçün zəmin yarada bilər.
Bütün stres amilləri insanların psixi sağlamlığına və ümumi həyat keyfiyyətinə mənfi təsir göstərməklə yanaşı, onların əmək qabiliyyəti və məhsuldarlığı üçün də ciddi risk yarada bilər. Dünya əhalisinin 60 faizini əmək qabiliyyətli insanların təşkil etdiyini nəzərə alsaq, həyat və əmək şəraitinin psixi sağlamlıq üçün risklərin qarşısını alması, onun qorunmasına və möhkəmləndirilməsinə xidmət etməsi xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, bu gün Ümumdünya Psixi Sağlamlıq Günüdür.



