Avtomobil nömrələrinin maksimal rüsumu 3000 manat ola bilər – Qanun nə deyir?

Azərbaycanda avtomobil dövlət qeydiyyat nişanlarının (nömrələrin) qiymətləri rəsmi dövlət rüsumları və qara bazar/elan saytlarındakı sərbəst qiymətlər olmaqla iki yerə bölünür.

Oxu.az-ın “Qanun nə deyir?” rubrikasının bugünkü mövzusu dövlət nömrə nişanlarının rüsumu ilə bağlıdır.

“Dövlət rüsumu haqqında” Qanuna görə, avtomobil nömrələrinin də qiyməti rəqəm və hərflərin kombinasiyasından asılı olaraq dəyişir.

Qanunun müvafiq maddəsinə əsasən, 001-dən 009-dək olan nömrələr eyni hərflərdən ibarət seriya ilə verildikdə dövlət rüsumu 3 000 manat, müxtəlif hərflərlə olduqda isə 2 000 manatdır.

100, 200, 300 və digər yüzlüklər üçün rüsum eyni hərflərlə 2 000 manat, müxtəlif hərflərlə isə 1 500 manatdır.

111, 222, 333 və digər eyni rəqəmli nömrələr üçün isə bu məbləğ müvafiq olaraq 1 500 və 1 000 manatdır.

Bəs digər nömrələr necə?

Qeyd olunan xüsusi kombinasiyalardan başqa digər dövlət qeydiyyat nişanlarının verilməsi üçün dövlət rüsumu 30 manatdır. Həmçinin dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə də 30 manat rüsum tutulur.

Motonəqliyyat vasitələri, traktorlar, müxtəlif özügedən maşınlar, qoşqu və yarımqoşqular, eləcə də mopedlər üçün dövlət qeydiyyat nişanının verilməsinə görə isə rüsum 15 manatdır.