Rusiya qüvvələri oktyabrın 7-də Ukraynanın bir sıra şəhərlərinə genişmiqyaslı raket və dron hücumları həyata keçirib. Ən ağır zərbə Çerniqov vilayətinin Prıluki şəhərinə dəyib.
Beşmərtəbəli yaşayış binasının vurulması nəticəsində ən azı 20 nəfər, o cümlədən 5 uşaq həlak olub, 50-dən çox insan yaralanıb. Kiyevdə də dron hücumları nəticəsində ölən və yaralananların olduğu bildirilir. Hücumlar nəticəsində Kiyevin bir sıra rayonlarında elektrik enerjisinin verilişində fasilələr yaranıb. Ukrayna tərəfi Rusiyanın enerji infrastrukturunu əsas hədəflərdən birinə çevirdiyini bildirir. Moskva isə zərbələrin hərbi istehsal müəssisələri və liman infrastrukturu kimi obyektlərə yönəldiyini açıqlayıb.
Ukrayna Rusiyaya yüzlərlə dronla hücum edib
Bundan əvvəl Ukrayna Rusiyanın müxtəlif bölgələrinə, o cümlədən Moskva ətrafına genişmiqyaslı dron hücumları həyata keçirib. Rusiya Müdafiə Nazirliyi 900-ə yaxın Ukrayna dronunun vurulduğunu və ya ələ keçirildiyini açıqlayıb. Moskva vilayətində yanacaq anbarlarından birinin zərbəyə məruz qaldığı barədə də məlumat yayılıb.
Cəbhədə vəziyyət
Ukrayna Baş Qərargahının məlumatına görə, oktyabrın 7-də Rusiya qüvvələrinin 1 830 hərbçisi itki verib. Ukrayna tərəfi həmçinin 1 700-dən çox pilotsuz uçuş aparatının və 47 artilleriya sisteminin məhv edildiyini və ya sıradan çıxarıldığını bildirir. Bu rəqəmlər Ukrayna tərəfinin açıqlamasıdır və müstəqil şəkildə təsdiqlənməyib. Eyni zamanda, cəbhədə vəziyyətin böyük ölçüdə dalana dirəndiyi, Rusiyanın son həftələrdə ərazi baxımından məhdud irəliləyiş əldə etdiyi bildirilir.
Sülh danışıqları ilə bağlı yeni vəziyyət
Ukrayna Xarici İşlər Nazirliyi beş mümkün atəşkəs formatını dəstəklədiyini açıqlayıb. Kiyev həmçinin ABŞ-Rusiya-Ukrayna üçtərəfli liderlər görüşünə hazır olduğunu və Moskvanın mövqeyini gözlədiyini bildirir.



