İşini itirmək bir çox hallarda insanın öz iradəsindən asılı olmayan səbəblərdən baş verir. Lakin gəlir mənbəyinin itirilməsi ilə kredit öhdəliyi aradan qalxmır. Nəticədə işsiz qalan şəxsin ödəniş imkanları məhdudlaşır, yaranan gecikmələr isə onun kredit tarixçəsinə təsir göstərə bilər.
Bəs işini itirən və rəsmi olaraq işsiz kimi qeydiyyata alınan şəxslərin kredit öhdəlikləri ilə bağlı hansı xüsusi mexanizm tətbiq oluna bilər?
Açıqlamada bank eksperti Emin Kərimov məsələ ilə bağlı fikirlərini bölüşüb.

Bank eksperti qeyd edib ki, belə bir mexanizmin tətbiqi həm bankların problemli kreditlərlə bağlı risklərinin azalmasına, həm də borcalanların kredit tarixçələrinin qorunmasına imkan yarada bilər:
“Kredit öhdəliklərinin müəyyən mexanizm çərçivəsində idarə olunması bankların toksik aktivlərlə yüklənməsinin qarşısını ala bilər.
Mexanizmi təxminən belə təsəvvür etmək olar:
Hazırda Dövlət Məşğulluq Agentliyinin xətti ilə işsizlikdən sığorta ödənişləri ilə bağlı proqramlar mövcuddur.
Şəxs özündən asılı olmayan səbəblərdən – məsələn, şirkətin bağlanması və ya ştat ixtisarı nəticəsində işsiz qaldıqda müəyyən müddət ərzində işsizlikdən sığorta ödənişi alır. Eyni yanaşma kredit öhdəliklərinə də tətbiq oluna bilər.
Belə ki, əmək müqaviləsinə müvafiq əsaslarla xitam verilmiş və rəsmi olaraq işsiz kimi qeydiyyata alınmış şəxsin kredit öhdəlikləri varsa, bu istiqamətdə ayrıca mexanizm – məsələn, kredit borclarının ödənilməsi və ya borcların yenidən maliyyələşdirilməsi mexanizmi tətbiq oluna bilər.
Bunun üçün müvafiq qanunvericilik və hüquqi baza yaradıla bilər. Bu mexanizmin Milli Məclis tərəfindən qanunvericilik səviyyəsində təsbit olunması həm banklara, həm də əhaliyə müsbət təsir göstərə bilər.
Problemli kreditlərin həcmini də nəzərə alsaq, bu sahədə müəyyən dərəcədə dövlət dəstəyinə ehtiyac olduğu görünür. Şəxs işsiz qaldığı üçün kredit ödənişlərini həyata keçirə bilmədikdə, borcun üzərinə əlavə cərimə və faizlərin gəlməsi vəziyyəti daha da ağırlaşdıra bilər. Bu isə həm borcalanın, həm də bankın maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.
Bu baxımdan belə bir mexanizm tətbiq oluna bilər ki, şəxs işsiz qaldığı müddətdə rəsmi qaydada işsiz kimi qeydiyyata alınır və onun kredit ödənişlərinin həyata keçirilməsinə xüsusi qurum tərəfindən yardım göstərilir. Bunun üçün ayrıca struktur vahidi və ya agentlik yaradıla, yaxud Dövlət Məşğulluq Agentliyinin tərkibində işsiz şəxslərin kredit öhdəliklərinin icrasına yardım göstərən şöbə və ya departament formalaşdırıla bilər”.
Emin Kərimov vurğulayıb ki, mexanizm belə işləyə bilər:
“Borcalan işsiz olduğunu təsdiqlədikdən sonra müvafiq quruma müraciət edir və həmin qurum onun kredit ödənişlərini aylıq əsasda və ya müəyyən edilmiş müddət ərzində həyata keçirir. Şəxs yenidən işə düzəldikdən sonra isə həmin vəsaitin əməkhaqqından müəyyən güzəştli şərtlərlə mərhələli şəkildə geri ödənilməsi nəzərdə tutula bilər.
Bu, ilkin layihə kimi nəzərdən keçirilə və sonradan təkmilləşdirilə bilər. Burada əsas məsələ maliyyələşmə və geriödəmə mənbələrinin müəyyənləşdirilməsidir.
Məsələn, şəxsin 55–60 yaşı varsa və yenidən iş tapması çətinləşirsə, alternativ mexanizmlərdən biri onun pensiya kapitalından istifadə olunması ola bilər.
Yəni müvafiq qurum tərəfindən kredit öhdəlikləri üzrə ödənilmiş vəsait sonradan şəxsin pensiya kapitalı hesabına geri qaytarıla bilər. Ümumilikdə, geriödəmə mənbələri müxtəlif formada müəyyənləşdirilə bilər. Əsas mənbələrdən biri şəxsin yenidən işə düzəldikdən sonra əldə etdiyi əməkhaqqı, digər mümkün mənbə isə pensiya kapitalı ola bilər.
Əgər ayrıca qurumun yaradılması əlavə xərclər tələb edəcəksə, alternativ variantlar da nəzərdən keçirilə bilər. Məsələn, şəxsin kredit ödənişlərinin pensiya kapitalı ilə əlaqələndirilməsi və ya formalaşmış pensiya kapitalı hesabına müəyyən öhdəliklərin aylıq əsasda qarşılanması kimi mexanizmlər düşünülə bilər.
Burada əsas məqsəd şəxsin həddindən artıq borclanmasının və maliyyə çətinliklərinin dərinləşməsinin qarşısını almaqdır. Çünki bir şəxsin təkcə bir deyil, bir neçə kredit və ya zaminlik öhdəliyi ola bilər. Bu öhdəliklərin icra edilməməsi ciddi maliyyə problemlərinə gətirib çıxara və müəyyən mərhələdən sonra məhkəmə prosesləri ilə nəticələnə bilər.
Buna görə də problemin daha da dərinləşməsini gözləmədən, ilkin mərhələdə antiböhran tədbirlərinin tətbiqi, müvafiq qurum dəstəyinin göstərilməsi və ya bunun üçün hüquqi bazanın yaradılması vacibdir. Digər tərəfdən, şəxsin həyat sığortası varsa, müəyyən hallarda sığorta mexanizmi vasitəsilə kredit öhdəliyinin qarşılanması mümkündür. Lakin həyat sığortası əsasən şəxsin əmək qabiliyyətini qismən və ya tam itirməsi, ölüm və ya müəyyən hallarda əlillik kimi riskləri əhatə edir.
İşsiz qalma halı isə bu mexanizmin əhatə dairəsinə daxil olmadığından, mövcud sığorta mexanizmi işsizlikdən yaranan kredit öhdəliklərinin həlli baxımından kifayət qədər əhatəli deyil”.



