Rusiya ordusunun Odesa, Xarkov, Pavlovqrad və digər vilayətlərə endirdiyi hava zərbələri nəticəsində mülki infrastruktura, energetika obyektlərinə və yaşayış binalarına ciddi ziyan dəyib, ölənlər və çoxlu sayda yaralananlar var.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat paylaşıb.
O bildirib ki, Odesada energetika obyektlərinə vurulan zərbələrdən sonra elektrik təchizatının bərpası istiqamətində işlər davam etdirilir. Həmçinin yaşayış binalarına və dəniz portuna ziyan dəyib, 8 nəfər xəsarət alıb. Xarkovda PUA-nın yaşayış binasına dəyməsi nəticəsində 2 nəfər həlak olub, onlarla sakin yaralanıb. Pavlovqrad şəhərində isə ticarət mərkəzinin yaxınlığına endirilən zərbə nəticəsində 4-ü uşaq olmaqla 9 nəfər xəsarət alıb.
Ukrayna dövlət başçısı Moskva tərəfindən hücumların intensivləşdiyini diqqətə çatdırıb.
“Təkcə bu həftə ərzində Ukraynaya qarşı müxtəlif tipli 61 raket, 1 560-dan çox zərbə PUA-sı və 1 540 aviasiya bombası tətbiq olunub. Hər bir belə zərbə bir daha xatırladır: Rusiyaya qarşı daha çox təzyiq, daha çox sanksiya və Ukrayna üçün daha çox hava hücumundan müdafiə vasitələri lazımdır”, — deyə V.Zelenski vurğulayıb.




