Dünyanın müxtəlif ölkələri messencerə qarşı məhdudiyyətləri gücləndirir
“Telegram” son illər dünyanın müxtəlif ölkələrində getdikcə daha çox məhdudiyyət və hüquqi təzyiqlərlə üzləşir.
Bu barədə “The New York Times” nəşri yazıb.
Dünyanın müxtəlif ölkələri messencerə qarşı məhdudiyyətləri gücləndirir
Nəşr yazır ki, bu platforma senzuranı aşmaq istəyən istifadəçilər, müstəqil media və etirazçılar üçün vacib vasitə hesab olunsa da, eyni zamanda terrorçular, cinayətkar qruplar və dezinformasiya yayan şəxslər tərəfindən istifadə olunduğu üçün tənqid olunur.
Müxtəlif dövlətlər “Telegram”a qarşı qadağalar, tənzimləyici tədbirlər və cinayət araşdırmaları həyata keçiriblər. Fransada messencerin yaradıcısı Pavel Durova qarşı cinayət işi açılıb, Rusiya isə onu terror fəaliyyətinə yardım göstərmək ittihamı ilə beynəlxalq axtarışa verdiyini açıqlayıb.
Rusiya: qadağadan beynəlxalq axtarışa
2018-ci ildə Rusiyada “Telegram” istifadəçilərin şifrələnmiş yazışmalarına çıxış verməkdən imtina etdiyinə görə bloklanmışdı. Lakin texniki çətinliklər səbəbindən qadağa effektiv olmadı və hətta dövlət qurumları da messencerdən istifadə etməyə davam etdilər. 2020-ci ildə qadağa ləğv edildi.
Bu il Rusiya hakimiyyəti internet üzərində nəzarəti gücləndirmək çərçivəsində platformaya qarşı yeni addımlar atıb. Pavel Durov isə bunun istifadəçiləri dövlət messencerinə keçməyə məcbur etmək məqsədi daşıdığını bildirib. Rusiya Federal Təhlükəsizlik Xidməti “Telegram”ın Ukrayna xüsusi xidmət orqanları və ekstremist təşkilatların istifadə etdiyi məlumatları silmədiyini iddia edərək Durovun beynəlxalq axtarışa verildiyini açıqlayıb. Durov ittihamlara cavab verməyib.
Hindistan və Ukraynada təhlükəsizlik səbəbi göstərilib
150 milyondan çox istifadəçisi olan Hindistan bu il “Telegram”ın fəaliyyətini müvəqqəti məhdudlaşdırıb. Hakimiyyət bunu tibb universitetlərinə qəbul imtahanlarının suallarının platforma vasitəsilə qanunsuz yayılması ilə izah edib. Durov isə qərarın adi istifadəçiləri cəzalandırdığını bildirib və yüzlərlə qanunsuz kanalın silindiyini açıqlayıb.
Ukrayna isə 2024-cü ildə milli təhlükəsizlik səbəbilə hərbçilərə, dövlət məmurlarına və kritik infrastruktur əməkdaşlarına xidməti telefonlarda “Telegram”dan istifadəni qadağan edib. Hakimiyyət platformanın Rusiya dezinformasiyası və casusluq üçün istifadə oluna biləcəyini bildirib.
Avropa və Braziliyada da təzyiqlər artıb
Norveç 2023-cü ildə dövlət qulluqçularına xidməti cihazlarda “Telegram” və “TikTok” quraşdırmamağı tövsiyə edib. Fransada isə 2024-cü ildə Pavel Durov saxlanılıb və platformanın qanunsuz fəaliyyətlə mübarizədə kifayət qədər tədbir görmədiyi iddiası ilə ona ittiham irəli sürülüb. “Telegram” isə Avropa İttifaqının qanunvericiliyinə əməl etdiyini və istifadəçilərin əməllərinə görə məsuliyyət daşımalı olduğu barədə iddiaları rədd edib.
Braziliya da son illərdə messenceri bir neçə dəfə bloklayıb. Buna səbəb dezinformasiya, eləcə də neonasist qruplarla bağlı istifadəçi məlumatlarının təqdim edilməməsi olub. Sonradan məhkəmələr bloklamaları ləğv etsə də, şirkətə qarşı maliyyə sanksiyaları qüvvədə saxlanılıb.




