Hindistanın Uttar-Pradeş ştatında aramsız yağışların səbəb olduğu daşqınlar ciddi fəsadlara yol açıb.
TASS-ın məlumatına görə, təbii fəlakət nəticəsində azı 81 nəfər həyatını itirib, 62 nəfər isə xəsarət alıb.
Üç gün davam edən leysan yağışları ştatın bir sıra rayonlarında daşqınlara səbəb olub. Nəticədə 1000-dən çox evə ziyan dəyib.
Paytaxt Lakhnau da daxil olmaqla, daşqından zərər çəkən ərazilərdə məktəblərin fəaliyyəti sentyabrın 28-də dayandırılıb.
Hazırda xilasedicilər su basmış ərazilərdə əməliyyatlar aparır, sakinlərin təhlükəsiz ərazilərə təxliyəsini həyata keçirirlər.



