Ətin qiyməti 30 manata qədər BAHALAŞACAQ? – AÇIQLAMA

Azərbaycanda ət qiymətlərinin yaxın gələcəkdə Türkiyədəki kimi 40-50 manata çatacağı ilə bağlı iddialar səslənir. 

Bəs, bu proqnoz nə dərəcədə əsaslıdır, Azərbaycanda ət qiymətlərinin bu səviyyəyə yüksəlməsi real risk hesab oluna bilərmi və hazırkı bahalaşma fonunda belə iddialar nə dərəcədə əsaslıdır?

Natiq Cəfərli bildirib ki, Azərbaycanda ət qiymətləri sürətlə artır. Bunun əsas səbəbi yerli istehsalın azalması, otlaq sahələrinin azalması və heyvandarlıqla bağlı bu günə qədər aparılan doğru olmayan siyasətdir.

Nəticə etibarilə belə bir mənzərənin şahidi olmuşuq. Lakin qiymətlərin bu dərəcədə kəskin artacağını düşünmürəm. Burada alıcılıq qabiliyyəti anlayışını da nəzərə almaq lazımdır. Türkiyədə orta aylıq əməkhaqqı və minimum əməkhaqqı, yəni “asgari ücret”, Azərbaycandan 2-3 dəfə yüksəkdir. Buna görə də onların alıcılıq qabiliyyəti də bizdən daha yüksəkdir. Orada adambaşına düşən milli gəlir 20 min dollar olduğu halda, Azərbaycanda bu göstərici 7,8-8 min dollar civarındadır. Alıcılıq qabiliyyətini nəzərə alsaq, Azərbaycanda ət qiymətlərinin bu dərəcədə artacağını düşünmürəm. Lakin vaxtında tədbirlər görülməsə, qiymətlər yenidən arta bilər. Hazırda Kənd Təsərrüfatı Nazirliyi bəzi addımların atılmasına və müəyyən təşviq proqramlarının həyata keçirilməsinə çalışır. Bu tədbirlər görülməzsə, Azərbaycanda ət qiymətlərinin yenidən artması mümkündür. Qiymətin 30 manata qədər bahalaşması daha real görünür, bundan yüksək olması isə alıcılıq qabiliyyətinin imkanları baxımından çətin görünür”.