Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin açıqladığı məlumata görə, Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçməyə hazırlaşır. Bu yanaşma paytaxtda yeni şəhər mərkəzlərinin formalaşdırılmasını, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsini və keçmiş sənaye ərazilərinin yenidən şəhər həyatına qazandırılmasını nəzərdə tutur. Şəhərin funksional quruluşunda baş verəcək bu dəyişikliklərin daşınmaz əmlak bazarında da yeni qiymət dinamikası formalaşdıracağı gözlənilir.
Maraqlıdır, Bakının çoxmərkəzli şəhər modelinə keçidi daşınmaz əmlak bazarında hansı ərazilərin daha sürətli bahalaşmasına səbəb ola bilər?
Xüsusilə keçmiş sənaye zonalarının yenidən qurulması və yeni nəqliyyat imkanlarının yaradılması fonunda hansı ərazilərdə mənzil və torpaq qiymətlərinin artımı daha çox hiss oluna bilər?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli açıqlama verib.

İqtisadçı ekspert bildirib ki, Bakının çoxmərkəzli şəhər modelinə keçidi daşınmaz əmlak bazarında qiymət artımını təkcə şəhərin mərkəzi ilə məhdudlaşdırmaya bilər:
“Baş Planın əsas məqsədlərindən biri yeni regional və yerli mərkəzlərin yaradılması, nəqliyyat və sosial infrastrukturun həmin ərazilərlə əlaqələndirilməsidir.
Bu baxımdan, ilk növbədə nəqliyyat bağlantıları güclənəcək və yeni şəhər mərkəzlərinə çevriləcək ərazilərdə torpaq və mənzilə tələbin artması mümkündür.
Xüsusilə hazırda sənaye və anbar funksiyası daşıyan, lakin gələcəkdə yenidən qurulması nəzərdə tutulan ərazilər investorların diqqətini daha çox cəlb edə bilər. Baş Planın özündə də keçmiş sənaye zonalarının regenerasiyası post-sənaye şəhər iqtisadiyyatına keçidin mühüm istiqamətlərindən biri kimi göstərilir.
Burada əsas məsələ konkret olaraq hansı ərazinin adının çəkilməsindən daha çox, həmin ərazinin yeni nəqliyyat xəttinə, metroya, əsas magistrallara, yeni iş və xidmət mərkəzlərinə yaxınlığı olacaq.
Nəqliyyat əlçatanlığı yaxşılaşan ərazilərdə əvvəlcə torpaq qiymətlərinin, daha sonra isə yeni tikililərdə mənzil qiymətlərinin artması ehtimalı daha yüksəkdir. Çünki investor üçün belə ərazilər həm yaşayış, həm də kommersiya layihələri baxımından daha cəlbedici olur”.
Akif Nəsirli vurğulayıb ki, keçmiş sənaye zonalarında isə qiymət artımı daha fərqli xarakter daşıya bilər. Əgər sənaye ərazisi yaşayış, ofis, ticarət və ictimai məkanlarla yenidən formalaşdırılarsa, hazırda nisbətən aşağı qiymətlərlə satılan torpaqların dəyərində ciddi dəyişiklik yarana bilər:
Lakin burada artım avtomatik olmayacaq. Ərazinin ekoloji vəziyyəti, torpağın hüquqi statusu, tikinti imkanları, kommunikasiya xətləri və konkret layihələrin reallaşma müddəti qiymətlərin formalaşmasına ciddi təsir edəcək.
Digər tərəfdən, çoxmərkəzli model mərkəzdən kənarda yerləşən bəzi ərazilərin əvvəlki ilə müqayisədə daha sürətlə inkişaf etməsinə şərait yarada bilər. Yeni iş yerləri, məktəblər, xəstəxanalar, ticarət və xidmət obyektləri həmin ərazilərdə formalaşdıqca insanlar üçün şəhərin mərkəzinə getmək zərurəti azalacaq.
Bu da həmin ərazilərin yaşayış baxımından cəlbediciliyini artıracaq. Ona görə qarşıdakı illərdə daşınmaz əmlak bazarında əsas üstünlük təkcə hazırda bahalı olan ərazilərdə deyil, şəhərsalma baxımından yeni funksiyalar qazanan və nəqliyyat şəbəkəsinə qoşulan ərazilərdə müşahidə oluna bilər.
Baş Planın 2040-cı ilədək həyata keçirilməsi nəzərdə tutulan uzunmüddətli sənəd olduğunu nəzərə alsaq, qiymət artımının daha çox mərhələli şəkildə, konkret infrastruktur layihələrinin reallaşmasına paralel baş verməsi gözlənilir”.



