Krasnodara kütləvi dron hücumu: Yanğınlar var

Rusiyanın Krasnodar diyarındakı bir neçə bələdiyyə kütləvi dron hücumuna məruz qalıb.

Bu barədə regional əməliyyat qrupu məlumat yayıb.

Qərargahın Telegram kanalında dərc olunmuş açıqlamasında deyilir: “Dronun qalıqlarının düşməsi nəticəsində Dinski, Pavlovski və Krasnoarmeyski rayonlarında üç mülki infrastruktur obyektində yanğınlar baş verib”.

İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Hadisə yerində təcili yardım xidmətləri və xüsusi təyinatlılar işləyir.

Öz növbəsində, Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecə ərzində Rusiya regionları, Azov dənizi və Qara dəniz üzərində 250-dən çox Ukrayna dronu vurub.

“Ötən gecə, 27 sentyabr Moskva vaxtı ilə saat 20:00-dan 28 sentyabr Moskva vaxtı ilə saat 08:00-dək, növbətçi hava hücumundan müdafiə qüvvələri 254 Ukrayna pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, pilotsuz təyyarələr Belqorod, Bryansk, Smolensk, Kaluqa, Tula, Kursk, Voronej, Lipetsk, Tambov, Ryazan, Oryol, Saratov, Rostov vilayətləri, Moskva vilayəti, Krasnodar diyarı, Azov dənizi və Qara dəniz üzərində vurulub.