“İranın mülki aviasiya sektoruna qarşı ABŞ-nin tətbiq etdiyi yeni sanksiyalar nəticəsində ölkənin beynəlxalq hava əlaqələrinə əvvəlki dövrlərdən daha geniş və sistemli təzyiq mexanizmi formalaşıb. Belə ki, sentyabrın 8-də ABŞ İran aviasiyasına qarşı 36 yeni sanksiya tətbiq edib, o cümlədən daha əvvəl sanksiyaya məruz qalmamış 27 İran aviaşirkətini sanksiyalar siyahısına daxil edib”.
Bu barədə “Azad İran” “YouTube” kanalının videosüjetində bəhs edilir.
“Beləliklə, əvvəlki illərdə ABŞ sanksiyalarına məruz qalan “Iran Air” və “Mahan Air” şirkətlərinin ardınca, faktiki olaraq, İranın bütün aktiv aviaşirkətləri ciddi məhdudiyyətlərlə üzləşib. Bu dəfə Vaşinqtonun sanksiya strategiyasında əsas fərq ondan ibarətdir ki, təzyiq yalnız İran aviaşirkətlərinə deyil, İran təyyarələrinə yanacaq, bilet satışı, texniki dəstək və digər aviasiya xidmətləri göstərən üçüncü ölkə şirkətlərinə də yönəlib.
Bu addımın nəticəsi sentyabrın 23-dən etibarən daha aydın görünməyə başlayıb. Birləşmiş Ərəb Əmirlikləri, Oman, İraq, Azərbaycan, Türkmənistan və Gürcüstan da daxil olmaqla, bir sıra ölkələr İran aviaşirkətlərinin uçuşlarını məhdudlaşdırıb və ya tamamilə dayandırıb. Uçuşların geniş miqyasda dayandırılması ABŞ-nin maliyyə naziri Skott Bessentin sentyabrın 21-də etdiyi çıxışdan sonra daha da sürətlənib. Bessent bildirib ki, İranın aviaşirkətləri sentyabrın 23-dən etibarən beynəlxalq fəaliyyət imkanından məhrum ediləcəklər. O həmçinin xəbərdarlıq edib ki, sanksiya tətbiq edilmiş aviaşirkətlərə xidmət göstərən hava limanları və şirkətlərin özləri də ABŞ sanksiyaları ilə üzləşəcəklər”, – deyə videosüjetdə bildirilib.



