ABŞ-ın Las-Veqas şəhərində 106 yaşlı Manuella Dias vəfat edib.
Bu barədə “Las Vegas Review-Journal” məlumat yayıb.
Nəvəsinin sözlərinə görə, Diasın uzun ömür sürməsinin əsas səbəbi xoşbəxt olması olub. O, özünü sağlam hiss edir, həyatı sevir və aktiv həyat tərzi keçirirdi. Uzunömürlü qadın rəqs etməyi xüsusilə sevirdi. Klub və rəqs məclislərinə gedir, səhərə qədər rəqs edir və 70 yaşına qədər bu məşğuliyyətindən əl çəkmirdi.
Dias uzun illər avtomobil də idarə edib, nəvələrini məktəbdən götürüb və yolda radionu yüksək səslə dinləyib. Evdə isə yeməklərini əsasən özü bişirir, ev üsulu tortilya və təzə sıxılmış portağal şirəsi hazırlayırdı.
106 yaşlı qadın səyahət etməyi də sevirdi. 90 yaşından sonra İrlandiya, İspaniya, İtaliya və Afrikaya səfər edib.
Dias 16 iyun 1920-ci ildə anadan olub. 1941-ci ildə Markos Medina ilə tanış olduqdan cəmi iki həftə sonra onunla evlənib. Medina 1970-ci ildə vəfat edib. Cütlüyün beş övladı, 14 nəvəsi və onlarla nəticə və kötücəsi olub.
Diasın Klark dairəsinin ən yaşlı qadını olduğu ehtimal edilir. Lakin bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.



