Yeni smartfon alarkən əksər insanlar kamera, prosessor və ya yaddaş həcminə diqqət yetirir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, cihazın proqram təminatı dəstəyi də ən vacib göstəricilərdən biridir. Çünki yenilənmə almayan smartfonlar təkcə yeni funksiyalardan məhrum olmur, həm də kibertəhlükəsizlik baxımından risk altında qalır.
Engadget bir sıra məşhur smartfon modellərinin proqram təminatı dəstəyinin yaxın vaxtlarda başa çatacağını açıqlayıb.
Samsung son illərdə yeni flaqman modellərinə 7 ilə qədər proqram dəstəyi versə də, əvvəlki nəsil cihazların dəstək müddəti tədricən sona çatır. Belə ki, Galaxy Z Fold3 və Galaxy Z Flip3 modelləri üçün təhlükəsizlik yeniləmələri 2026-cı ilin avqustunda dayandırılacaq. Galaxy S21 FE 5G artıq Android yeniləmələrini almır və onun təhlükəsizlik dəstəyi 2027-ci ilin yanvarına qədər davam edəcək.
Galaxy S22, Galaxy S22+ və Galaxy S22 Ultra modellərində sistem yeniləmələri başa çatıb, təhlükəsizlik yeniləmələri isə 2027-ci ilin fevralına qədər təqdim olunacaq. Galaxy A53 5G üçün təhlükəsizlik dəstəyi 2027-ci ilin aprelində, Galaxy A54 5G üçün Android yeniləmələri 2027-ci ilin martında, təhlükəsizlik yeniləmələri isə 2027-ci ilin mayında başa çatacaq.
Galaxy A14 artıq sistem yeniləmələrini almır və təhlükəsizlik dəstəyi 2027-ci ilin mayına qədər davam edəcək. Galaxy S23, Galaxy S23+ və Galaxy S23 Ultra modelləri üçün Android yeniləmələri 2027-ci ilin fevralına, təhlükəsizlik yeniləmələri isə 2028-ci ilin fevralına qədər veriləcək. Galaxy Z Fold4 və Galaxy Z Flip4 modellərinin son Android yeniləmələrinin 2026-cı ilin avqustunda təqdim ediləcəyi, təhlükəsizlik dəstəyinin isə 2027-ci ilin avqustuna qədər davam edəcəyi gözlənilir.
Google Pixel telefonları yeni Android versiyalarını ilk alan cihazlar olsa da, köhnə modellərin də proqram dəstəyi məhduddur. Pixel 6 və Pixel 6 Pro üçün son yeniləmələr 2026-cı ilin oktyabrında təqdim ediləcək. Pixel 6a modelinin dəstək müddəti 2027-ci ilin iyulunda, Pixel 7 və Pixel 7 Pro modellərinin tam proqram dəstəyi isə 2027-ci ilin oktyabrında başa çatacaq.
Apple proqram dəstəyinin dəqiq bitmə tarixlərini açıqlamasa da, mövcud siyasətə əsasən iPhone SE (2020), iPhone 11, iPhone 11 Pro və iPhone 11 Pro Max modellərinin iOS 27 ilə son böyük yeniləməni alacağı gözlənilir. Bundan sonra bu cihazlar yeni funksiyalar və təhlükəsizlik yeniləmələrindən məhrum qalacaq.
Mütəxəssislər bildirirlər ki, proqram təminatı dəstəyinin başa çatması smartfonun dərhal istifadəyə yararsız olması demək deyil. Lakin təhlükəsizlik yeniləmələrinin olmaması cihazı kibertəhlükələrə qarşı daha həssas edir. Bundan başqa, zaman keçdikcə bir çox tətbiq köhnə Android və iOS versiyalarında düzgün işləməyə bilər. Buna görə də siyahıda yer alan modellərdən istifadə edən şəxslərə yaxın bir il ərzində yeni smartfona keçidi planlaşdırmaq tövsiyə olunur.




