Çin öz alimlərinə yeni qadağa hazırlayır

Çin hakimiyyəti texnologiyalarla bağlı məlumatların sızmasının qarşısını almaq və elmi işlərin yayılmasına nəzarəti gücləndirmək məqsədilə yerli alimlərin xarici elmi jurnallarda məqalə dərc etməsini məhdudlaşdırmağa yönəlmiş tədbirləri müzakirə edir.

Məlumata görə, söhbət alimlərin karyera yüksəlişi və elmi fəaliyyətinin qiymətləndirilməsi zamanı beynəlxalq elmi nəşrlərdə dərc olunan məqalələrin rolunun azaldılmasından, eyni zamanda stimulların yerli jurnalların və milli elmi qiymətləndirmə sisteminin xeyrinə yenidən bölüşdürülməsindən gedir.

Bildirilir ki, çinli müəlliflər 2024-cü ildə aparıcı beynəlxalq elmi jurnalların indeks bazası olan “Science Citation Index” (SCI) sistemində dərc edilən qlobal elmi məqalələrin 30 faizdən çoxunun müəllifi olublar. Müqayisə üçün qeyd olunur ki, 20 il əvvəl bu göstərici cəmi 5 faiz civarında idi.

“Söhbət artıq Çinin sadəcə bilik toplayan ölkə olmasından getmir. Əsas məsələ Çinin öz elmi biliklərini necə idarə etməsi, milli təhlükəsizliyi necə qoruması və eyni zamanda elmi nüfuzunu və nailiyyətlərini necə inkişaf etdirməsidir”, – deyə Kuinsi Məsuliyyətli Dövlət İdarəçiliyi İnstitutunun baş elmi işçisi Denis Saymon nəşrə bildirib.

Çin Xalq Respublikasının Dövlət Təhlükəsizliyi Nazirliyi iyun ayında xatırladıb ki, xarici nəşrlər, konfrans materialları və birgə tədqiqatlar xarici elmi jurnallarda dərc edilməzdən əvvəl mütləq yoxlanılmalı və təsdiqlənməlidir.

Qurum daha əvvəl “vacib texniki detalların” xaricə sızması hallarının qeydə alındığını da açıqlamışdı.

Qəzet qeyd edir ki, Pekin 2023-cü ilin avqust ayından etibarən xarici elmi nəşrlərə nəzarəti gücləndirir və alimləri tədqiqatlarını Çin elmi jurnallarında dərc etməyə təşviq edir.