Mark Zukerberq süni intellektə yatırımları artırır

“Meta” şirkətinin rəhbəri Mark Zukerberq süni intellekt agentlərinin təkamülündən daha böyük nəticələr gözlədiyini qeyd edərək, korporasiyanın restrukturizasiya prosesindəki bəzi nöqsanları etiraf edib.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına əsasən, Zukerberq şirkətdəki yenidənqurma işlərinin gözlənildiyi qədər qüsursuz keçmədiyini və rəhbərliyin dəyişikliklərin icra müddəti ilə bağlı səhvə yol verdiyini vurğulayıb. Baş direktorun sözlərinə görə, “Meta” rəsmiləri əsas fəaliyyət istiqamətini kəskin dəyişmədən, bəzi təşkilati yenilikləri daha “yumşaq” şəkildə tətbiq etməyə çalışıblar. Qeyd edək ki, may ayında korporasiya işçi qüvvəsinin təxminən 10 faizini ixtisar edib və 7 000 əməkdaşını süni intellektyönümlü komandalara keçirib.

Bu yeniliklər süni intellektin maliyyələşdirilməsinə və onun vasitəsilə iş səmərəliliyinin artırılmasına yönəlmiş daha genişmiqyaslı restrukturizasiyanın tərkib hissəsi olub. “Meta” rəhbəri əlavə edib ki, yanvar və fevral aylarında yenidənqurma planlaşdırılarkən idarəçilər uyğunlaşma üçün kifayət qədər sürətli hərəkət edə bilməyəcəklərindən narahat idilər. Bununla belə, həmin dövrdə onlar “Anthropic” startapının “Claude Code” məhsulu ilə bağlı olduqca nikbin proqnozlara sahib idilər.