Bakıda 10 marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirildi

Bakıda iki yol sahəsində aparılan təmir işləri ilə əlaqədar 10 marşrut üzrə avtobusların hərəkəti alternativ küçələrdən təşkil edilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Belə ki, Xan Şuşinski küçəsində (Rəşid Behbudov küçəsindən Vaqif prospektinədək) aparılan təmir işləri səbəbindən 3, 4, 17, 20, 85 və 88 nömrəli avtobusların hərəkəti iyulun 4-dək Abbasqulu ağa Bakıxanov və Ceyhun Hacıbəyli küçələri ilə təşkil olunur.

Bundan başqa, iyulun 3-5-də Hüseyn Cavid prospektində (Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Lev Landau küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar 3, 6, 10, 17, 18 və 96 nömrəli avtobusların hərəkəti müvəqqəti olaraq Şəfayət Mehdiyev küçəsi və İnşaatçılar prospekti ilə həyata keçiriləcək.