Qurban Qurbanov sabahkı oyunla bağlı təhlükədən danışdı: Elə səviyyəyə çatıblar ki…

“Əlbəttə ki, hamımız bu oyunun önəmini bilirik. Bizim üçün çox vacib oyundur. İstək öz yerində, həddindən artıq soyuqqanlı olmalıyıq. Çox yaxşı rəqibə qarşı oynayırıq. Düzdür, ilk oyundakı nəticə bizim üstünlüyümüzü göstərir. Lakin biz bunu düşünməli deyilik. Əsas cavab oyunudur. Bakıdakı oyunda məğlub olmamalıyıq. Rəqib də təhlükəlidir. Bizə meydanda düzgün yerləşməyə imkan vermirlər. Hər bir halda “Ferensvaroş”un riskə gedəcəyini düşünürük və biz buna hazır olmalıyıq. Ötən oyuna baxıb, bəzi detallara toxunmuşuq. Çalışacağıq ki, sabahkı matçda oyundan qopmayaq, sona kimi soyuqqanlı davranaq və nəticə üçün ən yaxşısını edək”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferensvaroş”la cavab oyunundan əvvəl keçirilən mətbuat konfransında təcrübəli mütəxəssis sabah keçiriləcək qarşılaşmanı dəyərləndirib.

O, hesabı qorumaq üçün müdafiə futboluna üstünlük verməyəcəklərini bildirib:

“Bizim yaxşı nəticələrimiz oyun üslubumuza görə olub. Biz bundan əl çəkmək istəməmişik. Məndə və futbolçularda nəticəni qorumaq, müdafiədən oynamaq deyə bir şey yoxdur. Bizə lazım olanı etməyə çalışacağıq. Daha çox diqqət ayırdığımız məqam evdə daha baxımlı oynamaq, topa sahib olmaqdır. Bizim belə düşüncəmiz yoxdur ki, qol buraxmamaq üçün müdafiəyə qapanaq. Biz futbolu azarkeşlər üçün oynayarıq. Futbolçulardan daim tələbim odur ki, daha çox qol vuraq. Bununla birlikdə qapımızı toxunulmaz saxlamağa çalışırıq. Bizi sabah meydanda hansısa problem gözləyə bilər? Bu rəqibdən asılı olan bir şeydir. Biz kənardan müdaxilə edərək bunun qarşısını almağa çalışacağıq”.

Qurbanov səfərdə qazanılan qələbənin komandaya psixoloji cəhətdən mənfi təsir edib-etməyəcəyi barədə də danışıb:

“Ən vacib detallardan biridir. Səfərdəki oyundan sonra bizi qalib kimi görürlər. Bu da futbolçularda həyəcan yaradır. Onlar psxioloji cəhətdən hazır olmalıdır. Futbolçularla danışıqlarım, ünsiyyətim məhz bu yöndədir. Biz bu oyunda kənar fikirlərə önəm versək, çətin olacaq. İnanıram ki, bunu bacarmışıq və futbolçular da qəbul ediblər”.

Tərcübəli mütəxəssis ilk oyunda zədələnən hücumçu Nəriman Axundzadənin durumu haqqında da məlumat verib:

“Vəziyyəti normallaşıb. Deməzdim ki, tam yaxşı səviyyədədir. Hələ bu gün və sabah axşama kimi vaxt var. İnşallah oyuna qədər yaxşı olacaq”.

Ağdam klubunun baş məşqçisi 8 il öncə reallaşan “Kopenhagen”lə səfərdəki tarixi oyunla müqayisədə (red – Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıqları matç) özünü daha rahat hiss edib-etmədiyi ilə bağlı suala da cavab verib:

“Rahatlıq mümkün deyil. İnamım var, o vaxt da var idi, bu gün də var. Amma rahatlığım yoxdur”.

Qurban Qurbanov matça olan azarkeş marağından və onların dəstəyindən də danışıb:

“Azarkeşlərimiz elə səviyyədədir ki, onlara ancaq təşəkkür etmək olar. Onlar necə azarkeşlik etməklərini yaxşı bilirlər. Hansı məqamda, hansı dəqiqələrdə futbolçuların yanında olacağını yaxşı bilirlər. Futbolçu olduğum dönəmdə, baş məşqçi kimi də onlara yalnız təşəkkür etmişəm. Onlar daha artığına layiqdirlər”.

Azərbaycanlı məşqçi sabahkı oyuna fransalı hakimlər briqadasının təyinat almasına da toxunub və narahatlığa heç bir əsasın olmadığını bildirib:

“Mən tərəfdən narahatlıq yoxdur. Ümumiyyətlə belə hakimlərin gəlib burada oyun idarə etməsi, belə vacib təyinatlar alması UEFA-nın Hakimlər Komitəsinin də ciddiliyini göstərir. İnanmıram ki, hansısa narahatlıq olmalıdır. İndi hakimlik elə səviyyəyə gəlib çatıb ki, başqa fikirlər ola bilməz. Xüsusilə belə oyunlarda. Fikrimizi belə məqamlarla yayındırmağa ehtiyac yoxdur”.

Qeyd edək ki, komandalar arasında Macarıstanda keçirilən ilk oyunda “Qarabağ” “Ferensvaroş”u 3:1 hesabı ilə məğlub edib. Cavab görüşü avqustun 27-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.