5 il ərzində 5 böyük MÜHARİBƏ TƏHLÜKƏSİ: Milyonlarla insan itkisi və ekoloji fəlakət

Dünyada gərginlik getdikcə artır və analitiklər yaxın 5 il ərzində beş böyük müharibənin başlama ehtimalının yüksək olduğunu bildirirlər. Geosiyasi balansın dəyişməsi, nüvə silahlarının mövcudluğu və regional münaqişələrin dərinləşməsi vəziyyəti daha da kritikləşdirir.

Bununla bağlı “Haber Global” təhlil yazısı dərc edib.

Təhlildə yaxın 5 il ərzində baş vermə ehtimalı yüksək olan 5 müharibə barədə məlumat verilib.

Siyahıda birinci yeri Çin-Tayvan böhranı tutur. Bildirilir ki, əgər Çin Tayvanı işğal edərsə və ya buna cəhd göstərərsə, ABŞ-ın da birbaşa müdaxiləsi qaçılmazdır. Bu, yalnız Asiya deyil, bütün dünya üçün genişmiqyaslı müharibəyə səbəb ola bilər.

İkinci yerdə Rusiya-Baltikyanı gərginliyidir. Rusiya Estoniya, Latviya və Litvanı işğal etməyə cəhd edərsə, NATO-nun dərhal reaksiyası gözlənilir. Bu isə Avropada genişmiqyaslı müharibə ehtimalını daha da gücləndirir.

Üçüncü olaraq Hindistan-Çin sərhəd böhranını qeyd etmək olar. Hindistan və Çin arasında uzun illərdir davam edən sərhəd mübahisəsi yeni silahlı qarşıdurmaya çevrilə bilər. Britaniya müstəmləkəçilik dövründən “miras” qalan bu mübahisələr səbəbilə bölgədə gərginlik yüksəkdir. Bu gün də həmin gərginlik o qədər yüksəkdir ki, hər iki tərəfin əsgərlərinə sərhəddən silah keçirməyə qadağa qoyulub.

Dördüncü yerdə Hindistan-Pakistan nüvə təhlükəsidir. Hindistan və Pakistan arasındakı gərgin sərhəd mübahisəsi nəzarətdən çıxarsa, vəziyyət nüvə müharibəsinə qədər çata bilər. “Bulletin of the Atomic Scientists”in məlumatına görə, Pakistan təxminən 170, Hindistan isə 180 nüvə silahına sahibdir. Cənubi Asiyada baş verə biləcək nüvə qarşıdurması milyonlarla insan itkisinə, şəhərlərin viran edilməsinə və qlobal ekoloji fəlakətə səbəb ola bilər.

Koreya yarımadasında müharibə ehtimalı isə siyahıda sonuncu yerdədir. Tayvan və ya Baltikyanı bölgəsində baş verəcək münaqişə Koreya yarımadasındakı güc balansını dəyişdirə bilər. ABŞ-ın regiondan geri çəkilməsi Cənubi Koreya və Yaponiyanın öz nüvə proqramlarını işə salmasına gətirib çıxara bilər.

Ekspertlər xəbərdarlıq edirlər ki, bu ssenarilərin hər hansı biri reallaşarsa, qlobal iqtisadiyyat, enerji bazarları və beynəlxalq təhlükəsizlik sistemində ciddi zərbələr qaçılmaz olacaq.