Bu gün İlaxır çərşənbədir

0
11

Bu gün İlaxır (Torpaq) çərşənbəsidir.

Torpaq çərşənbəsi Novruz bayramının sonuncu çərşənbəsidir.

Torpaq çərşənbəsi və ya Axır çərşənbə el arasında “İlaxır çərşənbə” kimi də adlanır.

Bu çərşənbə yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. Bu çərşənbə bayrama daha yaxın olduğu üçün insanlar tərəfindən xüsusi qeyd edilir.

İlaxır çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir. Bağ-bostan, dirrik yerləri əkinə hazırlanır, evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.

Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə. Ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullanarkən bu sözlər deyilir: “Sarılığım sənə, qırmızılığın mənə”, ya da “Ağırlığım odda yansın”.

Tonqal heç vaxt su ilə söndürülməməlidir. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.

Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etmək lazımdır. Əks halda həmin insan Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaq.

Qeyd edək ki, yaz fəslinin Azərbaycana gəlməsi martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir.

Xatırladaq ki, bu il Novruz və Ramazan bayramları ard-arda gəlir. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, 27-28 mart da istirahət günü hesab ediləcək. 29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşür. Martın 30-u və 31-i Ramazan bayramı qeyd olunur.

Bununla da martın 20-dən aprelin 1-dək Azərbaycanda qeyri-iş günü hesab olunacaq.