Azərbaycana bu ölkədən gələn turistlərin sayı rekord səviyyədə artdı

0
23

MTM-in Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunan rəsmi məlumatlar əsasında apardığı təhlil göstərir ki, cari ilin yanvar-avqust aylarında Azərbaycana 1 412 882 əcnəbi turist gəlib və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 35,3% və ya 368 601 turist çox olub.

2024-cü ilin ilk 9 ayında ölkəmizə gələn turistlərin 59,5%-ni və ya 840 074 nəfərini kişi turistlər təşkil edib. Ötən ilin eyni dövründə isə bu göstərici 63,7%-ə bərabər olub.

Əlavə məlumat üçün bildirək ki, cari ilin ilk 9 ayında Azərbaycana gələn kişi turistlərin sayı 26,3% və ya 174 960 nəfər, qadın turistlərin sayı isə 51,1% və ya 193 641 nəfər artıb.

Rəsmi rəqəmlər göstərir ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn əcnəbi şəxslərin böyük hissəsini Rusiya vətəndaşı olan turistlər təşkil edib. Ölkəmizə təşrif buyuran rusiyalı turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,7% və ya 87 972 nəfər artaraq 475 834 nəfərə bərabər olub.

Azərbaycana gələn əcnəbi turistlər arasında ikinci sırada hindistanlı turistlər yer alıb. Onların sayı rekord səviyyədə, yəni 134,3% və ya 101 093 nəfər artaraq 176 355 nəfərə çatıb.

İlk üçlüyü 118 380 turist ilə Türkiyə vətəndaşları qapayır. Türkiyəli turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,8% və ya 21 984 nəfər artıb.

Qeyd: Hesabat dövründə Azərbaycana gələn xarici ölkə turistlərinin ilk onluğunu təşkil edən ölkələrə diqqət etsək, bu il ölkəmizə gələn turist sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə artdığını görərik.

Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlara görə, cari ilin yanvar-sentyabr aylarında ölkəmizə gələn xarici turistlər ortalama olaraq Azərbaycanda 5,56 gün keçiriblər.

Bu göstərici üzrə ilk pilləni digər ölkələr ilə böyük fərqlə Qətərdən gələn turistlər tutub. Qətərli turistlərin ölkəmizdə keçirdikləri ortalama gün sayı 9,17-ə bərabər olub. İkinci sırada 6,76 gün ilə Bəhreyn vətəndaşı olan turistlər qərarlaşıb.

Cari ilin ilk 9 ayında ölkəmizdə ən az gün keçirən turistlər Cənubi Koreyadan olanlardır. Bir Cənubi Koreyalı turist ölkəmizdə ortalama 3,64 gün keçirib.

Azərbaycana gələn əcnəbi turistlər arasında “işgüzar” məqsədlə gələnlərin 24,3%-ni və ya 37 578 nəfərini rusiyalı, 15,2%-ni və ya 23 420 nəfərini türkiyəli turistlər təşkil edib. Növbəti üç sırada ardıcıl olaraq Çin, Qazaxıstan və Pakistandan olan turistlər qərarlaşıb.

“İstirahət, əyləncə” məqsədilə Azərbaycana gələnlərin 28,5%-ni təşkil edən Rusiya vətəndaşları ilk sırada yer alıb və onların sayı 283 652 nəfərə bərabər olub. 168 151 nəfər və ya 16,9% pay sahibi olan hindistanlı turistlər ikinci yerdə qərarlaşıblar. Növbəti üç pilləni ardıcıl olaraq, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan vətəndaşları təşkil edib.

“Qohumlara, dostlara baş çəkmək” məqsədilə ölkəmizə gələnlər arasında da rusiyalı turistlər ilk sırada yer alıb. Bu kateqoriyaya daxil olanlar səfər edənlərin 60,9%-ni təşkil edib və onların sayı 128 382 nəfərə bərabər olub.

Bununla yanaşı, Rusiya vətəndaşları “müalicə” məqsədilə ölkəmizə səfər edənlərin sıralamasında da (12 500 nəfər) ilk yeri tutublar. Onlar qeyd olunan məqsədlə ölkəmizə gələn turistlərin 68,1%-ni təşkil ediblər.

Rusiya vətəndaşları “alış-veriş” məqsədilə ölkəmizə gələn turistlər arasında ilk pillədə yer almayıb. 924 nəfər ilə gürcüstanlı turistlər bu kateqoriya üzrə siyahıda birinci sırada qərarlaşıblar. Onların sayı “alış-veriş” məqsədilə ölkəmizə gələn turistlərin 24,4%-ni təşkil edib. Rusiyadan gələnlər isə 797 nəfərlə (21,1%) ikinci yeri tutub.

Cari ilin ilk 9 ayında ölkəmizə gələn turistlər ümumilikdə 2 596 000 700 manat pul xərcləyiblər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,7% və ya 826 914 500 manat çoxdur.

Bu xərclərin 32,01%-ni və ya 831 075 400 manatını Rusiya vətəndaşı olan turistlər xərcləyiblər.

İkinci sırada 390 971 200 manat xərc ilə hindistanlı turistlər yer alıb. Onların xərci ümumi xərcin 15,06%-ni təşkil edib.

Üçüncü sırada isə 192 132 800 manat xərc ilə qardaş ölkə Türkiyə vətəndaşları yer alıb. Onların xərci ümumi xərcin 7,4%-nə bərabər olub.

Cari ilin ilk 9 ayında ölkəmizə gələn əcnəbilərin vətəndaşlığına görə ortalama xərclərini müqayisə etsək, ən çox pul xərcləyən turistlərin Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları, ən az pul xərcləyənlərin isə Gürcüstan vətəndaşları olduğunu görərik. BƏƏ vətəndaşları ölkəmizə səfəri zamanı ortalama olaraq adambaşına 2510 manat, Gürcüstan vətəndaşları isə 1163 manat pul xərcləyiblər.

Ümumilikdə isə ortalama olaraq ölkəmizə səfər edən hər turist 1837 manat pul xərcləyib.