Kanada və İspaniyada aparılan araşdırmalar iki dildə danışmağın beyin bölgələri arasında əlaqəni artırdığını üzə çıxarıb. Tədqiqata qatılan ikidilli fərdlərin beyin əlaqələrinin təkdilli fərdlərə nisbətən daha güclü olduğu müəyyən edilib.
Araşdırma Kanadanın “McGill” və “Ottava”, İspaniyanın “Saraqosa” universitetləri tərəfindən aparılıb.
Alimlər fransız, ingilis və ya hər iki dildə danışan 151 iştirakçı ilə görüşüb və onların ikinci dili öyrəndikləri yaşlarını qeyd ediblər. İştirakçılar bütün beyin əlaqələri öyrənilmək üçün MRT olunublar. İkidilli iştirakçıların beyin bölgələri arasında təkdilli iştirakçılara nisbətən daha yüksək əlaqə olduğu və bu əlaqənin ikinci dillərini gənc yaşda öyrənənlərdə daha güclü olduğu məlum olub.
Keçmiş tədqiqatlar göstərir ki, ikinci dili öyrənmək diqqətə, sağlam yaşlanmaya və hətta beyin zədəsindən sonra bərpaya müsbət təsir göstərə bilər.