Bu yay Xəzərdə məhv olan həyatlar – Fotolar

0
473

Bu yay Xəzərdə məhv olan həyatlar

Yayda hər kəsin üz tutduğu Xəzər dənizi son 3 ayda xeyli insanın həyatına son qoydu. Dənizdə boğulanlar arasında azyaşlılar da oldu, yeni ailə quranlar da… Hər bir ölüm hadisəsinin arxasında isə bir ailə faciəsi qaldı.

Ötən aylarda Xəzərdə baş vermiş faciəvi hadisələrin xronikasını təqdim edirik:

Yayın ən çox səs-küy yaradan ölüm hadisəsindən biri 22 yaşlı blogerin Bulvarda suya atılaraq kadrları lentə almaq istəməsi, bunun isə onun həyatı hesabına başa gəlməsi oldu. “Tik-tok” video platforması üçün suya atılanlardan 18 yaşlı digər dostu isə xilas etmək mümkün olmuşdu.

Xəzərdə boğulanlardan biri də Azərbaycan Texnologiya Universitetinin III kurs tələbəsi Fərman İsaqov idi. Fərman isə dənizdə boğulan xalası oğlunu xilas etmək istəyərkən batmışdı.

İnsan ölümü ilə nəticələnən daha bir faciə Bilgəh çimərliyində yaşanmışdı. Çimərlik ərazisində 2 nəfər boğulmuş, 1 nəfər itkin düşmüşdü.

Bilgəh çimərliyi daha bir nəfərin sonu olmuşdi. Xəzər dənizinə istirahət üçün yollanan 1997-ci il təvəllüdlü Hüseyn Əli oğlu Dadaşov qardaşı və 2 dostu ilə çimməyə girib. Dalğa onların 4-nü də aparsa da, qardaşı və dostlarının həyatını xilas etmək mümkün olmuşdu. Dekabrda toyu olacaq Hüseyn isə boğularaq ölmüşdü. Faciəyə gənclərin çimmək qadağan olunmuş ərazidə dənizə girmələri səbəb olub.

İyulun 28-də Pirşağı çimərliyində 4 dostun ölümü məsələnin ciddiliyini bir daha ortaya qoymuşdu. 7 nəfər Kürdəxanı kənd sakini dənizə girmiş, onlardan 4-ü boğularaq dünyasını dəyişmişdi. Dostların hamısı boğulma təhlükəsi ilə üz-üzə qalsa da, 3-ü dənizdən çıxa bilmişdi. Mərhumlardan ikisi nişanlı olub, bir nəfərin isə 2 gün əvvəl toyu olubmuş.Hadisədən bir gün əvvəl Bakıda ümumi 6 nəfər nəzarətsiz çimərliklərdə boğularaq dünyasını dəyişmişdi.

Avqustun 2-si Xaçmazın Nabran istirahət zonasında Xəzər dənizində boğulan 11 yaşlı oğlanın meyiti Xəzərin Dağıstan Respublikasının Dərbənd şəhəri sahilində aşkarlanmışdı. Dənizdə boğulan Naxçıvan Muxtar Respublikasının Culfa rayon sakini, 2008-ci il təvəllüdlü Həsənov Polad İlham oğlu olub.

Növbəti suda boğulma hadisəsi Türkan qəsəbəsi ərazisində baş vermişdi. 30 yaşlı qadın dənizdə boğulan 5 yaşlı bacısı oğlunu xilas etmək üçün öz həyatından keçmişdi. Qadın dünyasını dəyişsə də, uşağı həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olmuşdu.

Yayın ən faciəvi dənizdə boğulma hallarından biri də Nardaran çimərliyində baş vermişdi. 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızının, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlunun, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızının və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızı dənizdə nəzarətsiz ərazidə boğularaq dünyalarını dəyişib. Cəfərzadələr əmi uşağı olub. Uşaqlardan 2-nin atası Ramil onları xilas etmək üçün suya atılsa da, o da batma təhlükəsi ilə üzləşdiyindən dənizdən çıxarılıb.

Daha bir boğulma hadisəsi isə Türiyənin Alanya şəhərində baş verib. Laçın rayonundan olan 24 yaşlı azərbaycanlı məcburi köçkün Ramil Zeynalov dostları ilə çimməyə getdiyi dənizdən qurtula bilməyib. Ramil işləmək üçün Türkiyəyə gedibmiş.

Xəzər dənizində baş vermiş faciələrdən biri də “MiQ-29” tipli hərbi təyyarəmizin qəzaya uğraması oldu. İyulun 24-də baş vermiş qəza zamanı təyyarənin göyərtəsində təcrübəli pilot, polkovnik-leytenant Rəşad Atakişiyev olub. Təyyarənin hissələri tapılsa da, pilotun axtarışları hələ də davam etdirilir.


Daha