Avropadakı xizək kurortları bağlanır: Qar yoxdur

0
154

Avropa yeni ilə rekord yüksək temperaturla başlayıb. Anomal isti havalar bəzi xizək kurortlarını bağlanmağa məcbur edib.

İqlim dəyişikliyindən Almaniya, Fransa, İsveçrə, Polşa və Çexiya kimi məşhur xizək idmanı ölkələri də zərər çəkib. Bu ölkələrin bir sıra şəhərləri üçün qış turizmi əsas gəlir mənbəyidir.

Yanvarın 1-də Varşavada +18,9°C, Almaniyanın cənub-qərbindəki Olsbaxda +19,4°C, İspaniyanın şimalındakı Bilbaoda isə +25,1°C temperatur qeydə alınıb. Praqa da 17,7°C-yə çatan temperaturla 247 illik Yeni il gecəsi rekordu qırılıb.

Oxşar mənzərə İsveçrədə də yaşanır. Şimal Alpları və Fransa Pireneyləri xüsusilə qarın olmaması, güclü yağışlar və yüksək temperatur səbəbindən əziyyət çəkir. Bəzi kurortlar xizək enişlərinin yalnız bir hissəsini istifadə edə bildikləri üçün ixtisar olunmuş heyətlə işləməyə məcburdurlar.

Gələn şənbə günü xizək idmanı üzrə Dünya Kubokuna ev sahibliyi edəcək İsveçrənin Adelboden şəhərində bu il yarışlar 100 faiz süni qar üzərində keçirilməli olacaq.

Hazırda Cənubi Alp dağlarının xizək kurortlarında və 2200 metrdən yuxarı yamaclarda qış idman növləri üçün hələ də lazımi miqdarda qar var.