Azərbaycanda turistlərin sevdiyi dörd “dəhliz”: “Qapanma olmasa, ilin sonunadək artan dinamika davam edəcək”

0
201

Ötən il koronavirus pandemiyasına görə tətbiq edilən karantin rejimi səbəbindən istirahət üçün bölgələrə üz tutanların sayında müəyyən qədər azalma müşahidə olunurdu.

Bu il karantin rejimi bir qədər də yumşaldılıb. Maraqlıdır, bu mövsüm insanlar daha çox hansı bölgələrə üz tutublar? Ötən il ilə müqayisədə artım müşahidə olunurmu?

Mövzu ilə bağlı açıqlama verən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadənin sözlərinə görə, daxili turizm artıq bərpa edilib:

“Azərbaycanda daxili turizm, yay turizmi ənənəyə uyğun olaraq 15 iyunda başlayır və 15 sentyabra qədər davam edir. Daxili turizmin göstəriciləri 2019-cu ildəki səviyyəyə yaxınlaşıb. 2019-cu ildə üç ay ərzində dörd milyon insan səfər etmişdi. Rekord göstəricilər idi. Bu il Azərbaycanda üç milyon yarım insan səfərlər edib. Rəqəmlər 2019-cu illə oxşardır. Nəticəyə nəzər yetirsək, görərik ki, daxili turizm bərpa edilib”.

K.Quluzadə qeyd edib ki, gəlmə turizmində 127 faiz artım var:

“Təxminən 640 min xarici vətəndaş Azərbaycana səfər edib. Bu, iki dəfədən artıq göstəricidir. 2019-cu il illə müqayisə etsək, görərik ki, gəlmə turizmində də artım var. İstiqamətlər ənənəvidir. Turistləri ən çox cəlb edən məkan Bakı şəhəridir. Xarici və yerli turistlərin səfər etdikləri bölgələr dörd dəhliz üzərindədir – Bakı – şimal, Bakı – şimal-qərb, Bakı – cənub istiqamətləri, Naxçıvan destinasiyası. Qapanma olmasa, ilin sonuna qədər bu dinamika davam edəcək”.

Kənan Quluzadə əlavə edib ki, yay mövsümü üçün yerləşdirmə obyektlərində doluluq 70 faizə çatıb:

“Bu, yüksək göstəricidir. Hotellər də gəlirlərinin həcmini bərpa etməyə başlayıblar. Ötən il ilə müqayisə etsək, 60 faizdən 70 faizə qədər artım var. Bizə daha çox Rusiya, İran, Gürcüstan, Türkiyədən səfərlər olur. Bu il sıçrayış nümayiş etdirən Səudiyyə Ərəbistanı istiqamətidir. Yay mövsümündə bizim prioritet olduğumuz ölkələr İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Pakistandır. Payız və qış mövsümü üçün hazırlıqlar gedir. Uçuşların da sayı artıb. Birbaşa reyslərin sayı çoxalıb. Çünki quru sərhədlərimiz bağlıdır, Azərbaycana ancaq hava yolu vasitəsilə səfərlər etməli olurlar”.