Tbilisidə “Şuşa ili”nə həsr olunan növbəti konsert keçirilib – FOTO

0
437

Gürcüstanın paytaxtı Tbilisidə “Şuşa ili” çərçivəsində növbəti konsert proqramı təqdim edilib.

“Xarıbülbül” adlı konsert Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Gürcüstanın Milli Parlament Kitabxanasının zalında keçirilib.

Musiqili tədbir Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində baş tutub.

Tamaşaçılar qarşısında IV Muğam televiziya müsabiqəsinin qalibi Zümrüd Məmmədova Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Süleyman Ələsgərov, Cahangir Cahangirov və digər görkəmli bəstəkarlarımızın mahnılarını ifa edib. Gənc xanəndəni pianoda Əməkdar artist Nərgiz Əliyeva, tarda Səfər Səmədov, kamançada isə Elmar Ələkbərli müşayiət ediblər.

Konsertə Qarabağ şikəstəsi ilə yekun vurulub. Sonda ifaçılara Azərbaycan Mədəniyyəti Mərkəzinin təşəkkürnamələri təqdim olunub.

Konsert proqramını Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Yunus Əmrə İnstitutu, TİKA təşkilatının nümayəndələri, azərbaycanlı icmanın üzvləri, iş adamları, ziyalılar, gənclər izləyiblər.

Tamaşaçılar mahnıları rəğbət və alqışlarla qarşılayıblar. Azərbaycan mahnılarından ibarət musiqi axşamı tamaşaçılara xoş ovqat bəxş edib.