Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
55 kq-da mübarizə aparan idmanşı Ermənistan təmsilçisi Rudik Mkrtçyanla qarşılaşıb.
Rəqibinə 7:3 hesabı ilə qalib gələn Əzizli 4 illik fasilədən sonra finala vəsiqə qazanıb.
Eldənizin ardınca daha bir güləşçimiz, 63 kq-da çıxış edən Taleh Məmmədov da yarımfinal görüşünü keçirib.
Bu dəfə də rəqib erməni idmançı olub.
Hraçya Poqosyanı məğlub edən pəhləvanımız adını finala yazdırıb.
O, ilk hissədən sonra hesabda geri düşsə də, əzmkarlıq nümayiş etdirərək, yekunda qələbə qazanıb – 3:1.
16:59
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında 4 yunan-Roma güləşçimiz yarımfinala yüksəlib., Eldəniz Əzizli (55 kq) yarışa 1/4 finaldan start verib. Titullu güləşçimiz rumıniyalı Denis Mihaya ilk hissədə tam üstünlüklə qalib gəlib – 8:0. Eldəniz yarımfinalda Rudik Mkrtçyanla (Ermənistan) üz-üzə gələcək.
Taleh Məmmədov (63 kq) yarışa 1/4 finaldan qoşulub. Təcrübəli pəhləvanımız türkiyəli Ahmet Uyardan üstün olub – 5:1. Taleh yarımfinalda Qraçya Poqosyanla (Ermənistan) qarşılaşacaq.
Sənan Süleymanov (77 kq) 1/8 finalda rumıniyalı İlye Kojokariyə heç bir şans tanımayıb – 9:0. Süleymanov növbəti mərhələdə dünya çempionu Malxas Amoyanla (Ermənistan) gərgin keçən görüşdə minimal fərqlə (5:6) uduzub.
İslam Abbasov (87 kq) ilk mərhələdə xorvat Matey Mandiçə minimal fərqlə (4:3) qalib gəlib. Həmyerlimiz 1/4 finalda dünya çempionu və Tokio Olimpiadasının bürünc medalçısı Zurab Datunaşviliylə (Serbiya) gərgin keçən mübarizədən 5:3 hesablı qələbəylə ayrılaraq adını yarımfinala yazdırıb. İslam final yolunda Niku Ojoqu (Rumıniya) sınağa çəkəcək.
Beka Kandelaki (130 kq) Avropa çempionatına inamlı qələbəylə start verib. Təmsilçimiz ilk görüşdə ukraynalı Mixail Vişnevitskiyə vaxtından əvvəl (10:0) qalib gəlib. Kandelaki 1/4 finalda David Ovasapyanı (Ermənistan) 5:1 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Beka finalın bir addımlığında dəfələrlə dünya və Avropa çempionu olmuş, üçqat olimpiya medalçısı Rıza Kayaalpla (Türkiyə) qarşılaşacaq.
Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.