Qaziyə əlillik verilmir? – AÇIQLAMA

0
385

Aprel döyüşlərində ayağını itirmiş qazinin müavinəti kəsilib. 

Bu barədə qazi Rizvan Qarayev sosial şəbəkələrdə video paylaşıb.

Bildirib ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müayinədə olsa da, ona əlilliyin təyin edilməsi barədə məlumat verilməyib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirib ki, Hacıqabul rayon sakini Qarayev Rizvan Famil oğluna yenə də əlillik təyin edilib və ona verilən sosial ödəniş kəsilməyib:

“Rizvan Qarayev Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.

Mərkəzi Hərbi Həkim Komissiyasının şəhadətnaməsində olan diaqnoz üzrə qanunvericiliyə uyğun olaraq ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar III dərəcə müddətsiz (ömürlük) əlillik təyin olunub. 

Əlillik əvvəlki əlillik müddəti bitdiyi tarixdən götürülür. O, əliliyə görə bütün sosial ödənişlərini də həmin vaxtdan hesablanmaqla alacaq. 

Bu barədə onun özünə də elə müayinədən sonra məlumat verilib.  

Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də sol baldırın aşağı 1/3-i səviyyəsində amputasiyasından və reamputasiyasından sonrakı güdülü halında və digər ətraflarda və orqanlarda patofunksional pozuntular olmadıqda III dərəcə əlillik təyin edilməsi nəzərdə tutulub”.