“Vətəndaşlar öz evlərinə qeydiyyata düşə bilmir” – Yeni tikililərdə çıxarış problemi

0
336

Daşınmaz əmlak alarkən vətəndaşların üzləşdiyi əsas problemlərdən biri də yeni tikililər üçün “kupça”ların verilməməsidir. Bir neçə ildir ki, tikililərə çıxarışların verilməsi ilə bağlı müvafiq işlər görülsə də, hələ də xeyli sayda tikilidə problem aradan qaldırılmayıb. Məsələ ilə bağlı danışan əmlak məsələri üzrə ekspert Elnur Fərzəliyev binalara çıxarışların verilməməsinin büdcəyə və vətəndaşlara küllü miqdarda maddi ziyan vurduğunu bildirib: “İllərdir ki, yeni tikilən binalara çıxarışın verilməsi problemli məsələyə çevrilib. Bu problemin həlli ilə bağlı 2019-cu ildə prezidentin tapşırığı ilə 400 yeni tikili binaya çıxarış verildi. Hətta həmin ili bəzi binalar var idi ki, onlar 10 ildir tikilməsinə baxmayaraq, çıxarış ala bilmirdi.  Lakin bu gün də çıxarış ala bilməyən binaların sayı çoxdur. Çoxmərtəbəli binalar tikilərkən aidiyyatı orqanlardan lazımı sənədlər alınır, möhürlər vurulur və bundan sonra tikintiyə başlanılır. Amma tikinti bitdikdən sonra çıxarışın alınması məsələsi müşkülə çevrilir.  Burada isə iki tərəf uduzur. Birinci tərəf həmin binadan mənzil alan vətəndaşlardır, ikinci tərəf isə dövlət büdcəsidir. Belə ki, binaya çıxarış veriləndə mənzillərin alqı-satqısı zamanı dövlətə vergi ödənilir, mənzil sığortalana bilir, ipoteka predmetinə çevrilib satışa çıxarıla bilir. Bütün bunların olmaması külli miqdarda gəlirdən məhrum olmaqla nəticələnir. Bundan başqa həm də vətəndaş öz mənzili üzrə qeydiyyata düşə bilmir”. Ekspert xarci ölkə vətəndaşlarının ölkəmizdə daşınmaz əmlak sahəsinə sərmayə qoymaq istədiklərini, lakin çıxarış səbəbilə bunun alınmadığını da vurğulayıb:

“Xarici ölkələrdən Azərbaycana gələn vətəndaşlar var ki, daşınmaz əmlak bazarına yatırımlar etmək istəsələr də, çıxarışların olmaması səbəbilə mənzil ala bilmirlər. Mənzil alan şəxsin bina ilə bağlı məlumat toplaması üçün hansısa baza yoxdur, alıcı bina və mənzillə yox, onun sahibinin hansı keyfiyyətlərə malik olması ilə maraqlanır. Dünyanın heç bir yerində belə bir təcrübə yoxdur. Bu kimi problemlər aradan qalxsa, bütün mənalarda həm vətəndaşlar həm də dövlət büdcəsi qazana bilər”.