“Qanlı göl”ün ətrafında yeni yol çəkilib – FOTO

0
346

Yasamal rayonu ərazisində, “Qanlı göl”ün qərb hissəsi boyunca Yasamal Yaşayış Kompleksinə qədər yeni avtomobil yolu inşa olunub.

Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə bildirilib ki, Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi əsasında inşa olunan 2 hərəkət zolaqlı yeni yolun uzunluğu 1250 metr, eni isə 9 metr təşkil edir.

Məlumata əsasən, sözügedən yol üzrə torpaq işləri görülüb, yeni yol yatağı inşa olunub, həmçinin zəruri olan bütün yeraltı kommunikasiya xətləri çəkilib. Daha sonra qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri aparılıb. Yolboyu 3 laydan ibarət 27 santimetr qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri icra edilib.

Tikinti işləri zamanı yolboyu yeni asfalt-beton örtüyü ilə yanaşı, piyada səkiləri inşa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb. Yeni yolda 3475 kvadratmetr səki tikilib, 2500 poqonometr sahədə səki daşı düzülüb.

Bu işlərə paralel olaraq küçəboyu səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları qoyulub, yolun hər bir tərəfində beton küvet inşa edilib.

Son mərhələdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədilə zəruri yerlərdə yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib. Yeni yolun inşası Yasamal Yaşayış Kompleksinin yerləşdiyi əraziyə alternativ giriş-çıxış imkanı yaradır.

Qeyd olunub ki, 2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Yasamal rayonu üzrə nəzərdə tutulan və ümumi uzunluğu 4 kilometr olan 11 küçədə də əsaslı təmir işləri həyata keçirilib.

Ümumilikdə isə dövlətimizin başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2021-ci illər ərzində Yasamal rayonu ərazisində 20 kilometr uzunluğa malik küçə əsaslı şəkildə təmir edilib.

2022-ci ilin “İnvestisiya Proqramı” çərçivəsində rayon üzrə təmiri nəzərdə tutulan digər küçə və yollarda da müvafiq işlərin aparılması nəzərdə tutulur.